Abstrakt
Qarın boşluğunun odlu silahla yaralanmaları mürəkkəbliyi və ağırlığına görə xüsusi əhəmiyyət kəsb edir. Qarın nahiyəsindən odlu silahla yaralananların təxminən yarısı xəstəxanaya çatdırılmamışdan əvvəl dünyasını dəyişir; müalicəyə götürülənlərin isə 10%-i ilkin cərrahi əməliyyat zamanı və ya əməliyyatdan sonrakı ilk gün ərzində vəfat edir. Yeni nəsil müharibələrdə böyük dağıdıcı gücə malik silahların istifadə olunması səbəbindən, fərdi mühafizə vasitələrinin effektiv tətbiqinə baxmayaraq, qarın nahiyəsində odlu silah xəsarətlərinə hələ də tez-tez rast gəlinir. Qarın nahiyəsinin odlu silahla zədələnmələri ən çox ölümə səbəb olan travma növləri sırasındadır. Qarın boşluğunun mürəkkəb topoqrafik-anatomik xüsusiyyətləri bu nahiyədəki zədələnmələri ağır və mürəkkəb edir.dalaq, qaraciyər və iri diametrli qan damarlarının zədələnməsi çox vaxt kütləvi qan itkisinə gətirib çıxarır ki, bu da qanaxma nəticəsində ölüm hallarını tez-tez rast gəlinən bir sonluğa çevirir. Ölüm həmçinin böyrək və qaraciyər çatışmazlığı səbəbindən də baş verə bilər. Mədə və ya bağırsaqların deşilməsi ilə müşayiət olunan zədələnmələrdə ən təhlükəli ağırlaşma peritonitdir. Qarın nahiyəsinin odlu silahla zədələnmələri döş qəfəsi və çanaq orqanlarında, eləcə də birbaşa zədələnməmiş qarın boşluğu orqanlarında müxtəlif patoloji proseslərə səbəb ola bilər. Xəstənin vəziyyətindən asılı olaraq, zədələnmənin ağırlıq dərəcəsinin düzgün qiymətləndirilməsi və müvafiq təcili tibbi yardımın göstərilməsi xəstənin həyatını xilas edə bilər.
Əsas mətn
Giriş. Qarın nahiyəsinin həcminin böyük olması tez-tez bu nahiyədə zədələnmələrin müşahidə olunmasına səbəb olur. Həmçinin bir neçə həyati vacib orqanın qarın boşluğunda yerləşməsinə görə bu nahiyənin zədələnmələri ağır fəsadlarla, hətta ölümlə nətəcələnir. Zədələnmələrdə mərmi bəzən periton boşluğuna nüfuz etməsə də küt təsir nəticəsində peritondaxili orqanlarda zədələr törənir. Yüksək sürətə malik odlu silahlarla törədilən abdominal travmalarda xüsusən də döyüş meydanlarında ilk yardım zamanı gözdən qaçan zədələnmələrə tez-tez rast gəlinir və nəticədə ölüm nisbəti artır. Odlu silah zədələnmələrində ballistik təsir nəticəsində yalnız güllə və qəlpənin daxil olduğu orqanda deyil, ətraf toxumalarda da zədələr əmələ gəlir. Qəlpə ilə törədilən xəsarətlərdə yumşaq toxumaları zədələyən kiçik yaralardan tutmuş daxili orqanların zədələnmələrinə qədər geniş çeşidlilik müşahidə olunur. Yaxın məsafədən qəlpə zədələri yüksək sürətli güllələrin ballistik təsirinə oxşarlıq göstərir və atəş açılan silahın bütün kinetik enerjisinin toxumalara yayılmasına səbəb olur. Uzaq məsafədən atılan qəlpə zədələnmələrində isə hər bir qəlpə dənəsi kiçik kinetik enerjili bərk küt əşya xüsusiyyəti daşıyır. Bu xüsusiyyətlərə görə qəlpə zədələrini güllə zədələrindən ayırmaq asan olur. Xarici müayinədə kiçik zədənin olmasına baxmayaraq daxildə böyük həcmdə zədələnmə müşahidə olunur. Qarın boşluğuna nüfuz edən mərmi yalnız kinetik enerjisi ilə deyil, quruluşu və xüsusiyyətləri sayəsində də başqa orqanlarda zədələr əmələ gətirir. İstinin təsirindən daxili orqanlarda yanıqlar törənir, zəhərli güllələrin təsirindən zəhərlənmə baş verir, güllənin sümüklərdən qopardığı qəlpələr əlavə zədələnmələrə səbəb olur və s. Orta və yüksək sürətli silahlar toxumanı keçərkən elə enerji dalğası (pulsasiya edən boşluq) əmələ gətirirlər ki, güllə ekstraperitoneal yol izləsə belə, həmin dalğanın təsirindən intraperitoneal orqanlar da zədələnir.
Tədqiqatın məqsədi bütün dünyada yeni nəsil müharibə kimi qəbul olunmuş İkinci Qarabağ müharibəsi zamanı hərbi qulluqçularda müşahidə olunan qarın nahiyəsinin odlu silah zədələnmələrinin bəzi xüsusiyyətlərinin öyrənilməsidir.
Tədqiqatın material və metodları. Tədqiqat materiallarını Birinci və İkinci Qarabağ müharibələri zamanı odlu silah zədələri alaraq hərbi hospitallarda müalicə almış hərbi qulluqçuların adlarına tərtib olunmuş xəstəlik tarixləri, çıxarış epikrizləri və tibbi şəhadətnamələr təşkil etmişdir. Tibbi sənədlər Müdafiə Nazirliyinin Baş Klinik və Qarnizon hospitallarının arxivlərindən götürülərək əsas məlumatlar toplanmış Excel proqramında sistemləşdirilmiş və statistik təhlil edilmişdir. Yaralı hərbi qulluqçuların sayı hərbi sirr olduğundan say verilməmiş, yalnız faizlərdən istifadə edilmişdir.
Tədqiqatın nəticələri və onların müzakirəsi. Tərəfimizdən bütün zədələnmələr anatomik nahiyələr üzrə qruplaşdırılaraq qarın nahiyəsindən odlu silah zədələri alanların miqdarı müəyyən edilmişdir. Nahiyələr üzrə qarın nahiyəsinin odlu silah zədələnmələri ətraflar və baş-boyun nahiyələrindən sonra üçüncü yerdə gəlir (cədvəl). Ölümə səbəb olmasına görə də abdominal travmalar baş-boyun və döş qəfəsi travmalarından sonra 3-cüdür. Abdominal travmaların 70 %-i nüfuz edən, 30 %-i küt zədələrdir. Bütün travma mənşəli ölümlərin 10 %-i qarın zədələnmələrinin payına düşür. Qarın nahiyəsinin odlu silah zədələnmələri zamanı əksər hallarda daxili orqanlar zədələnir. Nüfuz edən hadisələrdə daxili orqan zədələnməsi 95-98% təşkil edir. Müştərək travma alan hər dörd şəxsdən birində qarın nahiyəsinin zədələnməsi aşkar olunur. Müasir döyüşlərdə daha çox böyük dağıdıcı imkanları olan silahların tətbiqinə görə küt abdominal zədələnmələrin sayı üstünlük təşkil edir və adətən hərəkətsiz, fiksə olunmuş daxili orqanların silkələnməsi baş verir. Parenximatoz orqanlar boşluqlu orqanlara nəzərən daha çox zədələnir. Bəzən toxumalar zərbənin təsirindən cırılıb dağılır. Dalağın cırılması və mədə-bağırsaqların deşilməsi tez-tez müşahidə olunur. Qarın boşluğunun həcmi böyük olduğundan qanaxma zamanı külli miqdarda qan boşluğa yığılır və hemoperitoneum yaranır. Bağırsaqların möhtəviyyatı mikroblarla zəngin olduğu üçün qısa zamanda infeksiyalaşma yaralının vəziyyətini ağırlaşdırır. Sidik-ifrazat sistemi orqanlarının zədələnməsi hematuriya ilə özünü göstərir. Retroperitoneal orqanların zədələnməsində böyük həcmdə hematomalar formalaşır. Qarın boşluğuna nüfuz edən odlu silah zədələnmələrində parenximatoz orqanlardan dalaq və qaraciyər, boşluqlu orqanlardan mədə və bağırsaqların zədələnməsi daha çox müşahidə olunur. Ümumiyyətlə, ən çox dalaq 60%, qaraciyər 40%, nazik bağırsaq 30%, diafraqma 20%, yoğun bağırsaq 15% zədələnir. Qarın nahiyəsi travmalarında ölümlərin yarısı qaraciyər zədələnməsindən baş verir ki, bunların da 72% -i ilk 24 saatda müşahidə olunur.
Yalnız qaraciyər zədələnməsi olanlar arasında 1%, dörd və daha çox daxili orqanın müştərək zədələnməsində 50 % hallarda əsasən qanaxma hesabına ölüm baş verir. Dalaq zədələnmələrində ölüm ehtimalı 11%-dir. Müasir döyüşlərdə abdominal odlu silah zədələnmələri zamanı daxili orqanlarda üzvi və funksional patologiyalar tez-tez müşahidə olunur. Zərbə dalğasının təsirindən daxili orqanlarda funksiya pozulmaları ilə müşahidə olunan kontuziya baş verir. Zədələnmələr əksər hallarda irinli ağırlaşmalarla fəsadlaşır ki, bu da bir çox daxili orqanda patoloji prosesin inkişafına zəmin yaradır. Ən çox həzm sistemi və sidik-ifrazat orqanları patoloji proses qastrit, mədə və onikibarmaq bağırsağın xorası, kolit, hepatit daha tez-tez müşahidə olunur. Bəzi hallarda zədələnmələr toksik hepatitlə ağırlaşır. Travmatik şok kəskin böyrək çatışmazlığına gətirib çıxarır ki, oliqouriya ilə özünü büruzə verir. Zədələnmiş şəxslərdə infeksion-toksik nefropatiya da tez-tez təsadüf olunur. Nefrit, qlomerulonefrit, pielonefrit və pielit ən çox onurğa və çanaq zədələnmələri zamanı müşahidə olunur. Uzun borulu sümüklərin odlu silah sınıqlarında fosfor və kalsium mübadiləsinin pozulması fonunda böyrək daşı xəstəliyi yaranır. Uzun çəkən xəstəliklərdə isə amiloidoz inkişaf edir. Əzilmə sindromuna da yeni nəsil müharibələrdə tez-tez rast gəlinir. Odlu silah zədələnmələri zamanı əksər hallarda kəskin posthemorragik anemiya müşahidə olunur. Hipoxrom, hipergenerativ, normositar xarakterli olur. Həmçinin sinir-reflektor mənşəli leykositoz müşahidə olunur. Abdominal odlu silah zədələnmələri zamanı döş qəfəsi orqanlarında da tez-tez patoloji proseslər müşahidə olunur. Həmçinin, döş qəfəsinin nüfuz edən odlu silah zədələnmələrində müvəqqəti boşluğun təsiri ilə diafraqma və qaraciyər başda olmaqla qarın boşluğu orqanlarında funksiya pozulmalarına rast gəlinir. Ürək və mərkəzi damarların zədələnməsi olmayan torakal zədələnmələrində ölümə daha çox abdominal zədələrin səbəb olduğu müəyyən edilmişdir.
Qapalı travmalarda xəstənin ağırlıq dərəcəsini təyin etmək çox çətindir. Bu, müştərək travmalarda daha da çətinləşir. Adətən daxili qanaxma olur. Diaqfraqma nüfuz edən xəsarətlərdə daha çox zədələnir. Diafraqma zədəsi qarın daxili təzyiqin kəskin artması nəticəsində baş verir. Retroperitoneal yerləşdiyi üçün onikibarmaq bağırsağın zədələnmələrini təyin etmək çox çətindir və gecikmə olduğu üçün ölüm və ağırlaşma tez-tez rast gəlinir. Peritonun həssaslığının artması, duqlas boşluğunda mayenin olması, şok, periton boşluğunda havanın olması dəlib-keçən xəsarətin olmasına dəlalət edir. Çanaq nahiyəsinin zədələnmələrində açıq sınıqlar 50 % ölümlə nəticələnir. Çanaq sümüklərinin böyük qan təchizatına malik olması, çoxlu damarların çanaq boşluğunda olması, həmçinin çanaq əzələlərinin sıx damar təchizatına sahib olması kəskin və massiv qanaxmaya səbəb olur. Oma kələfinin zədələnməsi də ağır travmadır. Radioloji üsulların köməkliyi ilə kor zədələnmələr zamanı güllə, qəlpə və ya qırmanı orqanizmdə tapmaq olsa da bu müayinələri apararkən təxirəsalınmaz yardım gecikdirildiyi və xəstənin hayatı üçün təhlükə yarandığı üçün ilk növbədə həyati göstəricilər stabilləşdirildikdən sonra müayinələr aparılır. Rentgenoloji olaraq diafraqmanın zədələnməsini, döş və qarın boşluğuna havanın, qanın yığılmasını, qabırğa və fəqərələrdə sınıqları təyin etmək mümkündür. Ultrasəs müayinəsi (USM) qeyri-invaziv və portativ metod olmasına görə geniş tətbiq olunur. Komputer tomoqrafiyanın (KT) imkanları daha genişdir, torakal, abdominal, pelvik zədələnmələrdə, retroperitoneal sahənin müayinəsində hava, maye və qanın təyin etmək üçün çox informativ və dəqiq üsuldur. Odlu silah zədələnmələrində qeri-invaziv üsulla qaraciyər zədələnməsi ilə yanaşı digər orqan zədələnmələrini, boşluqlu orqanların zədələrini və qaraciyərdə inkişaf edən parenximal zədənin dərəcəsini dəqiq təyin etmək mümkün olmadığı üçün laporaskopiyaya və ya laporatomiyaya göstəriş olur. Hemoragik şok, massiv qanitirmə və digər ağırlaşmaların hesabına son 10 illiklərdə səhiyyənin sürətli inkişafına baxmayaraq qarın boşluğunun dəlib -keçən odlu silah zədələnmələrində ilk 24 saatda hayatda qalma ehtimalında əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli artma olmamışdır.
Damar zədələnmələri olmayan qarın boşluğu zədələnmələrində həyatda qalma ehtimalı daha yüksək olur. Yekun. Qarın nahiyəsinin odlu silah zədələnmələri ən çox ölümə səbəb olan travma -lardandır. Qarın boşluğunun mürəkkəb topoqrafik-anatomik xüsusiyyətləri bu nahiyədəki zədələrin mürəkkəb və ağır dərəcəli olmasına səbəb olur. Dalağın və qaraciyərin, həmçinin, böyük diametrli damarların zədələnmələri massiv qanitirmələrlə müşahidə olunduğundan qanitirmədən ölüm tez-tez baş verir. Həmçinin böyrək və qaraciyər çatışmazlığından da ölüm hallarına təsadüf olunur. Mədə və ya bağırsaqların dəlib-keçən zədələri zamanı ən təhlükəli ağırlaşma peritonitdir. Qarın nahiyəsinin odlu silah zədələnmələri zamanı döş boşluğu və çanaq orqanlarında, həmçinin birbaşa zədələnməmiş qarın boşluğu orqanlarında müxtəlif patoloji proseslər inkişaf edir. Yaralının vəziyyətindən asılı olaraq xəsarətin dərəcəsinin dəqiq qiymətləndirilməsi və adekvat təxirəsalınmaz yardımın göstərilməsi nəticəsində xəstənin həyatının xilas etmək mümkündür.
Şəkillər
Açar sözlər
İstinadlar
1. Kızıloğlu İ. Batına Nafiz Ateşli Silah Yaralanmaları // İzmir Bozyaka Eğitim ve Araştırma Hastanesi, Derman Tıbbi Yayıncılık, – İzmir: – 2016. № 2, – s. 67-79.
2. Demetriades, D. Selective nonoperative management of penetrating abdominal solid organ injuries / P.Hadjizacharia, C.Constantinou et al. // Annals of Surgery, Lippincott: – 2006. № 244, – p. 620.
3. Giannou, C. War surgery: Working with limited resources in armed conflict and other situations of violonce // ternational Committee of the Red Cross 19, avenue de la Paix 1202, Switzerland ICRC, – Geneva: – 2020, – 366 p.
4. İnce M. Arzıman İ. Karın Travmaları // – Ankara: Journal of Clinical and Analytical
Medicine, Acil Tıp El Kitabı,: – 2017. – s.157- 163.
5. Lee W.C. Association of head, thoracic and abdominal trauma with delayed diagnosis of co -existing injuries in criticaltrauma patients / C.W.Chen, Y.K.Lin, T.Y.Lin [et al.] //– California: Journal of Injury, – California: – 2014.45 (9), – p. 1429-1434.
6. Barış M.A. Sorularla Abdominal Ateşli Silah Yaralanması [Elektron resurs]. Acilci.Net. https://www.acilci.net/sorularla-abdominalatesli-silah-yaralanmasi /. Baxılma tarixi: 02.06.2021.
7. Sedat Ö. Süperior Mezenterik Arterin Ateşli Silah Yaralanmasının Ardından Safen Ven Grefti İle İnterpozisyonu / D.Odabaşı, T.Kurt, A.K.Gür, H.Toman [et al.] // İstanbul: International Journal of Clinical Research, – 2014. 2 (3), – s.109-113.
8. Velmahos, G.C. Abdominal computed tomographic scan for patients with gunshot wounds to the abdomen selected for .
Məqalə barədə təfərrüatlar:
Nəşr tarixçəsi
Dərc edilib: 15.Jan.2025
Müəllif hüququ
© 2022-2026. Nəzəri, Klinik və Eksperimental Morfologiya Jurnalı. Jurnalın elektron versiyası "Uptodate in Medicine" tibb nəşriyyatı tərəfindən dərc olunur. Bütün hüquqlar qorunur.Əlaqəli məqalələr
Baxılıb: 17


