Abstrakt

Tədqiqatın məqsədi deformasiyaya uğramış və uğramamış kəllələrin hündürlüyünü öyrənmək idi. Tədqiqat materialına deformasiyaya uğramamış 200 və deformasiyaya uğramış 54 kəllə daxil edilmişdir. Kəllənin hündürlüyü "basion" və "breqma" nöqtələri arasında ölçülmüşdür. Tədqiqatda kraniometrik üsul və kompüter tomoqrafiyası metodundan istifadə olunmuşdur. Öyrənilən parametrlər üzrə orta qiymət (M), median (Me), həmçinin 25% və 75% persentillər (25-ci persentil, 75-ci persentil) hesablanmışdır. Kəllə hündürlüyünün (basion-breqma hündürlüyü) təhlili göstərdi ki, deformasiyaya uğramamış kəllələrdə orta qiymət 135,7 mm (Me – 135,0 mm; 25-ci persentil – 131,0 mm; 75-ci persentil – 140,0 mm), deformasiyaya uğramış kəllələrdə isə 139,3 mm (Me – 140,0 mm; 25-ci persentil – 135,0 mm; 75-ci persentil – 145,0 mm) təşkil etmişdir. Müəyyən edilmişdir ki, deformasiyaya uğramamış və uğramış kəllələr üçün əldə edilən məlumatlar arasındakı fərq statistik cəhətdən əhəmiyyətlidir (PF=0,006; PU=0,001). Deformasiyaedici amilin kəllənin böyümə istiqamətinə təsiri ilə bağlı mövcud ümumi konseptual yanaşmaya əsasən, deformasiyaya uğramış və uğramamış kəllələrin basion-breqma hündürlüyü göstəriciləri arasındakı statistik fərq bu konsepsiya ilə üst-üstə düşür.

Əsas mətn

Giriş. Antropoloji nöqteyi-nəzərdən kəllənin süni deformasiyası ən maraqlı insan adətlərindən olub, bütün qitələrdə və müxtəlif mədəniyyətlərdə müəyyən edilmişdir. Müəyyən olunmuşdur ki, beyin və üz kəlləsinin inteqrasiyası kəlləyə tətbiq olunan qüvvə vektorlarından asılı olaraq differensial surətdə qüvvətlənir. Süni deformasiyaların tədqiqi gös -tərmişdir ki, yetkinlik dövründə üz kəlləsinin də strukturu böyümə prosesi zamanı üz-çənə sisteminə tətbiq olunmuş mexaniki qüvvələrin təsirinin məcmuyudur. Bununla belə, kəlləni səciyyələndirən əsas faktorların – uzunluq, en və hündürlüyün deformasiya olunmamış və deformasiya olunmuş kəllələr arasında müqayisəsinə həsr olunmuş işlər azlıq təşkil edir. Vera Tiesler qeyd etmişdir ki, kəllənin süni modifikasiyalarına gəldikdə tədqiqatların azlığı daha çox təəccüb doğurur; kəllənin süni deformasiyasını tədqiq edən cəmiyyətləri öyrənən bioarxeologiya üçün maraq kəsb edən bu təcrübə olduqca ifadəliliyi və geniş yayılması ilə səciyyələnmişdir. Başın formalaşması beyin kəlləsində fiziki izlər qoyduğu üçün bunları arxeoloji tədqiqatlardan alınmiş nəticələr əsasında konseptuallaşdırmaq olar. Hal-hazırda tarixi bir fakt olan kəllənin süni deformasiyasına aid preparatları əksər anatomiya muzeylərinin kranioloji kolleksiyalarında müəyyən etmək mümkündür. Tədqiqatlarda istifadə olunmuş təsnifat tiplərinin çoxluğu da qeyd edilmişdir. Ədəbiyyat materiallarının təhlili göstərmişdir ki, başlıca olaraq deformasiyaların kəllə əsasına və üz skeletinə təsiri mövzusuna toxunulmuşdur. Tədqiqatın məqsədi deformasiya olunmuş və olunmamış kəllələrdə hündürlüyün müqayisəsi olmuşdur. Tədqiqatın material və metodları. Tədqiqat materialı olaraq Azərbaycan Tibb Universiteti İnsan anatomiyası və tibbi terminologiya kafedrası muzeyinin kranioloji kolleksiyasından götürülmüş, heç bir deformasiya müəyyən edilməyən 200 kişi və qadın kəlləsindən, eləcə də 54 müxtəlif tipli deformasiyaları olan kəllələrdən istifadə edilmişdir. Deformasiyaların təsnifatı George K. Neumann (1942) üzrə (natural lambdoid, süni lambdoid, ənsə, bifrontal ənsə, alın-təpə-ənsə, paralel alın-ənsə, obelion və şaquli) aparılmışdır. George K. Neumann təsnifatı deformasiyaların həm süni (məqsədli), həm də təbii variantlarını ehtiva etdiyi üçün tədqiqatımızda istifadə olunmuşdur. Kəllə hündürlüyü basion və breqma nöqtələri arasında hesablanmışdır. Basion (ba) orta səthin böyük dəliyin ön kənarı ilə kəsişmə nöqtəsi, breqma (b) orta səth üzrə alın sümüyünün ən arxa nöqtəsi olaraq qəbul edilmişdir. Tədqiqatda kranıometrik və kompyuter tomoqrafiya metodlarından istifadə olunmuşdur.

Alınmış nəticələrin əsasında deformasiya olunmamış və olunmuş kəllələr üçün orta hesabi göstərici (Mean-M), orta struktur göstəricisi (MedianMe) və kvartillər (Q1-Persentile 25 və Q3- Persentile 75) hesablanmışdır. Statistik analiz “IBM Statistics SPSS-26” proqramının istifadəsi ilə aparılmış, parametr göstəriciləri arasındakı fərqlərin statistik dürüstlüyü asılı olmayan iki və daha çox qrupun kəmiyyət göstəricilərinin müqayisə meyarlarından StudentBonferroni t-meyarı, F-Fişer meyarı və qeyriparametrik U-Manna-Uitni meyarının tətbiqi ilə yerinə yetirilmişdir. Statistik dürüstlüyün sərhədi P=0,050 kimi qəbul edilmişdir.

Tədqiqatın nəticələri. Kəllə hündürlüyünün (basion-breqma hümdürlüyünün) təhlili onu göstərmişdir ki, deformasiya müşahidə olunmayan kəllələrdə orta hesabi göstərici 135,7 mm (Me – 135,0 mm, Q1, Persentile 25 – 131,0 mm, Q3, Persentile 75 – 140,0 mm), deformasiya olunmuş kəllələrdə orta hesabi göstərici 139,3 mm (Me – 140,0 mm, Q1, Persentile 25 – 135,0 mm, Q3, Persentile 75 – 145,0 mm) təşkil etmişdir ( və ). Deformasiya olunmamış və deformasiya olunmuş kəllələr üzrə hündürlüyün müqayisəsi diaqram şəklində təqdim edilmişdir.  F-Fişer meyarının tətbiqi ilə deformasiya olunmuş və olunmamış kəllələr arasında statistik əhəmiyyətli fərq müəyyən olunmuşdur (PF=0,006). Qeyri-parametrik U-Manna-Uitni meyarının tətbiqi də statistik dürüst fərqi təsdiq etmişdir (PU=0,001).

Müzakirə. Kəllənin böyüməsi sümük toxuması vasitəsilə istinad və mühafizə olunmuş beyinin böyüməsinin cavabı olan və koordinasiya edilmiş prosesdir. Kəllənin və beyinin böyüməsi istiqamət və göstəricilər baxımından praktik olaraq identikdir. Deformasiya böyümənin istiqamətini dəyişir. Hippokrat və Herodot Palus-Meotisdən şərqə doğru yaşamış makrosefallar haqqında məlumat verərək onları uşaq yaşlarında kəlləni eybəcərləşdirən xalq kimi səciyyələndirmişlər. Deyilənlər Aristotel, Strabon və Plininin tədqiqatları ilə də təsdiqlənir. Azərbaycan ərazisində antik dövrün süni deformasiya olunmuş kəllələri ilk dəfə Mingəçevirdə arxeoloji qazıntılar zamanı (1946-1953-cü illər) tapılmış və katakomba məzarlarında müəyyən edilmişdir. Kəllə hündürlüyü deformasiya olunmuş kəllələrin tədqiqatı zamanı ölçülməsi zəruri olan parametrlərdəndir. Deformasiyanın tabular erekt tipində ənsə sümüyünün lambda nahiyəsi tam şaquli səth təşkil edərək adətən basion-breqma hündürlüyünə parallel yerləşir. Hisashi Suzuki və həmmüəllifləri deformasiya olunmamış Filippin kəllələrində basion-breqma hündürlüyü üçün 135,8mm, deformasiya olunmuş kəllələr üçün 130,8mm nəticələri almışlar. Tədqiqatda qeyd olunmuşdur ki, ölçülmələr aparılan kəllələrin sayı olduqca az olmuşdur. Bizim tədqiqat 200 deformasiya olunmamış və 54 müxtəlif tipli deformasiyaları olan kəllələri əhatə etmiş və yuxarıda qeyd olunan tədqiqatın əksi olaraq deformasiya olunmamış kəllələrdə hündürlük parametri üçün daha kiçik orta hesabi göstəricini müəyyən etmişdir (deformasiya olunmayan kəllələrdə 135,7mm, deformasiya olunmuş kəllələrdə 139,3mm). Həmçinin bu göstəricilər arasındakı fərqin statistik cəhətdən əhəmiyyət daşıdığı da tədqiqatımızda aşkar olunmuşdur (PF=0,006; PU=0,001).

Yekun. Deformasiya edici faktorun kəllənin böyümə istiqamətinə təsir göstərməsi barədə formalaşmış ümumi konseptual baxış bucağından qeyd etmək lazımdır ki, deformasiya müəyyən edilən və edilməyən kəllələr arasında basion-breqma hündürlüyünün nəticələri arasındakı statistik fərqin müəyyən edilməsi həmin konsepsiyaya uyğundur.

Şəkillər

Açar sözlər

İstinadlar

1. Molnár M., János I., Szűcs L., Szathmáry L. Artificially deformed crania from the HunGermanic Period (5th-6th century ad) in northeastern Hungary: historical and morphological analysis / M.Molnár, I.János, L.Szűcs [et al.] Neurosurg Focus. – 2014. Apr;36(4), – р. E1.
2. Püschel T.A., Friess M., Manríquez G. Morphological consequences of artificial cranial deformation: Modularity and integration. PLoS One. – 2020. Jan 24;15(1), – p. e0227362.
3. Ketoff S. Zygomatic bone shape in intentional cranial deformations: a model for the study of the interactions between skull growth and facial morphology / S.Ketoff, F.Girinon, S.Schlager [et al.] // J Anat. – 2017 Apr;230(4), – p. 524- 531. doi: 10.1111/joa.12581.
4. Hisashi Suzuki, Yuji Mizoguchi, Eduardo Conese. Craniofacial measurement of artificially deformed skulls from the Philippines // Antropol.Sci. – 1993. 101(1), – p. 111-127.
5. Tiesler V. Studing cranial vault modifications in ancient Mesoamerica // J Anthropol Sci. – 2012, 90, – p. 33-58. doi:10.4436/jass.90007.
6. Шведчикова Т.Ю. Ранние опыты классификации искусственной деформации черепа человека.OPUS // Междисциплинарные исследования в археологии – 2006, №5:– р. 198 - 205.
7. Anton S.C. Intentional cranial vault deformation and induced changes of the cranial base and face // Am J Phys Anthropol. – 1989 Jun;79(2), – p. 253-67. doi:10.1002/ajpa.
8. Rhode MP, Arriaza BT. Influence of cranial deformation on facial morphology among prehistoric South Central Andean populations.// Am J Phys Anthropol. – 2006 Aug;130(4), – p. 462-70. doi:10.1002/ajpa.
9. Ogura M, Relationship between anteroposterior cranial vault deformation and mandibular morphology in a pre-Columbian population / M.Ogura, A.Al-Kalaly, R.Sakashita [et al.] // Am J Orthod Dentofacial Orthop. –2006. Oct;130(4), – p. 535-59.
10.Neumann G.K. Types of artificial cranial deformation in the Eastern United States. American Antiquity. – 1942. 7(3), – p. 306- 310. doi: 10.2307/275486
11. Data Collection Procedures for Forensic Skeletal Material 2.0 Forensic Anthropology Center Department of Anthropology The University of Tennessee Knoxville, Tennessee / N.R.Langley, L.M.Jantz, S.D.Ousley [et al.] – 2016, – 116 p.
12.Qafarov İ.A. Biostatistika / İ.A.Qafarov – Bakı: Təbib. – 2021, – 238 s.
13.Moss ML. The pathogenesis of artificial cranial deformation. Am J Phys Anthropol. 1958 Sep;16(3):269-86. doi:10.1002/ajpa.
14.Антропология Топинараş Перевод с французского / Под редакцией И.И.Мечникова. – Санкт-Петербург: Издание Л.Ф.Пантелеева, – 1879, 518 с.
15.Кириченко Д.А. Палеоантропология Азербайджана (VII в. до н.э. - V в. н.э.). / Д.А.Кириченко – Баку: «Apostrof-A», – 2020, – 170 с.

Məqalə barədə təfərrüatlar:

Nəşr tarixçəsi

Dərc edilib: 15.Jan.2025

Müəllif hüququ

© 2022-2026. Nəzəri, Klinik və Eksperimental Morfologiya Jurnalı. Jurnalın elektron versiyası "Uptodate in Medicine" tibb nəşriyyatı tərəfindən dərc olunur. Bütün hüquqlar qorunur.

Əlaqəli məqalələr

YENİYETMƏ YAŞ DÖVRÜNDƏ QALXANABƏNZƏR VƏZİNİN MAKROMİKROSKOPİK QURULUŞ XÜSUSİYYƏTLƏRİ

Baxılıb: 16