Abstrakt
Müasir stomatoloji təcrübədə mürəkkəb halların idarə olunması üçün multidissiplinar yanaşma tələb olunur; yəni ortodontlar, ağız cərrahları və parodontoloqlar birgə işləməlidirlər. Ən geniş yayılmış stomatoloji anomaliyalardan biri ön dişlərin olmamasıdır ki, bu da fonetik, sosial və estetik problemlərə səbəb ola bilər. Mərkəzi kəsici dişlərin gec çıxması və ya impaktasiyası (çənə sümüyündə ilişib qalması) müxtəlif patoloji dəyişikliklər və travmalar nəticəsində yarana bilər. Ortodontik müdaxilənin gecikdirilməsi daha ciddi anatomik və funksional problemlərə gətirib çıxarır. İmpaktasiya olunmuş mərkəzi kəsici dişlərin müalicəsi onların çənə sümüyündəki yerləşməsindən, eləcə də diş qövsündə sərbəst boşluğun olub-olmamasından asılıdır. "Dolphin Imaging 11.9" proqram təminatı üz profilini təhlil etməklə ortodontik müalicənin səmərəliliyini artırır. Əgər dişin kökü tam inkişaf edibsə və ya diş əlverişsiz mövqedə yerləşibsə, onun diş qövsündə düzgün yerləşdirilməsi üçün çox vaxt cərrahi və ortodontik müdaxilələrdən ibarət kombinə edilmiş yanaşma tələb olunur. Arxa dişlərin nəzarətli qüvvə tətbiqi ilə distalizasiyası (arxaya doğru hərəkət etdirilməsi) həm estetik, həm də funksional nəticələri yaxşılaşdırır. Bu fənlərarası strategiya müalicədə optimal uğurun əldə edilməsi üçün həlledici əhəmiyyət daşıyır.
Əsas mətn
Giriş. Daimi dişlərin çıxma vaxtının patologiyası üz-çənə nahiyəsinin morfoloji, funksional və estetik pozğunluqlarına gətirib çıxarır, orqanizmin digər orqan və sistemlərinin fəaliyyətinə təsir göstərir. Daimi dişlərin çənə və əng sümüyündə gömülməsinin (impaksiyasının) əsas səbəbləri dişlərin say, ölçü və forma anomaliyaları, diş mayalarının düzgün yerləşməməsi, süd dişlərinin erkən itirilməsi və retensiyası, ankiloz, travmatik zədələnmələr, diş sıralarının darlığı, üz-çənə nahiyəsinin anadangəlmə qüsurları, iltihabı proseslərdir. Müasir stomatoloji praktikada bu cür mürəkkəb halların idarə olunması üçün çox vaxt orto-dontlar, üz-çənə cərrahlarını və paradonto-loqları cəlb edən fənlərarası yanaşmalardan istifadə edirlər.
Diş sıraları anomaliyaları arasında ən çox rast gəlinən anomaliyalar yuxarı ön (frontal) dişlərin (kəsici və köpək dişlərinin) və aşağı üçüncü azı dişlərinin birtərəfli gömülməsidir. Ön dişlərin, xüsusən də mərkəzi kəsici dişlərin olmaması insanın nitqinə əhəmiyyətli dərəcədə təsir göstərərək fonetik çətinliklər yaradır. Bu dişlər müəyyən səslərin artikulyasiyasında mühüm rol oynayır və onların olmaması nitq pozğunluqlarına, məsələn, bəzi samitləri tələffüz etməkdə çətinlik yarada bilər. Bundan əlavə, frontal dişlər estetik baxımından əhəmiyyət kəsb edir. Mərkəzı kəsici dişlər danışarkən və ya gülümsəyərkən ən çox görünən dişlər olduğu üçün, onların olmaması insanın sosial mühitdə özünə inamın azalmasına və psixoloji problemlərə səbəb ola bilər. Mərkəzi kəsici dişin impaksiyası 0,06% - 0,2% hallarda rast gəlinir və impaksiya olunmuş dişlər arasında üçüncü yeri tutur. Yuxarı kəsici dişlərin gec çıxmasına patoloji dəyişikliklər, anomal diş formaları, diş mayasının ektopik vəziyyəti, müvəqqəti dişlərin pulpasının iltihabı və ya ankilozu, hormonal pozğunluqlar və ya sümük anomaliyaları kimi bir çox faktor səbəb ola bilər. Patoloji maneələrə süd dişlərinin erkən çıxarılmasından sonra əmələ gələn toxuma maneələri, həmçinin kistalar, odontomalar və ya əlavə dişlər daxildir. Diş-çənə nahiyəsinin travmaları uşağın həyatının erkən dövrlərində baş verməsi gələcəkdə dişlərin çıxmasının gecikməsinə və impaksiyasının rast gəlmə tezliyini artırır. Belə bir patologiyanın müalicəsinin vaxtında aparılmaması, orta xəttin və qonşu dişlərin boşluğa doğru yerdəyişməsinə səbəb ola bilər. Bu isə dişlərin düzgün sıralanmasına və funksional problemlərin yaranmasına gətirib çıxara bilər. Daimi dişin zədələnmə səviyyəsi onun formalaşma mərhələsindən və alınan travmanın xarakterindən və istiqamətindən asılıdır. Dişlərin diş sırasına çıxmasının pozulmasının səbəblərindən biri dilaserasiyadır. Dilaserasiya dişin kökündə və ya tac hissəsində kəskin dərəcədə əyilmənin olduğu bir anomaliyadır. Çox vaxt dilaserasiya dişin kökündə baş verir və dişlərin çıxmasının normal trayektoriyasının pozulmasına və ya onların tam retensiyasına səbəb ola bilər.
Bu qüsur adətən müvəqqəti dişlərin travması nəticəsində, daimi dişin mayasının zədələnməsi nəticəsində baş verir. Tədqiqatın məqsədi kliniki hal təqdimatında travma nəticəsində baş verən mərkəzi kəsici dişin gömülməsi zamanı müalicə ortodontik metodunun və taktikasının seçilməsinin əsaslandırılması olmuşdur. Tədqiqatın material və metodları. Azərbaycan Tibb Universitetinin Stomatoloji klinikasına 9 yaşlı pasiyent R.A. estetik qüsurla bağlı müraciət edib. Kliniki müayinə zamanı düz profil və Angle təsnifatına görə II sinif anomaliyası aşkar edilmişdir. Panoram rentgenoqrafiya 11 dişin əng sümüyündə impaksiyasını və onun diş sirasında yerləşdirilməsi üçün kifayət qədər yerin olmadığını göstərdi. Anamnestik məlumatların toplanması zamanı pasiyentin kiçik yaşlarında travma aldığı məlum olmuşdur. Daha sonra pasiyent kompleks ortodontik müayinədən keçirildi: klinik, radioloji, biometrik, statistik tədqiqat metodlarından istifadə edilmişdir (a-e). Dəqiq diaqnostika və optimal müalicə planlaşdırılması üçün fərdiləşdirilmiş ortodontik müalicə planı hazırlamağa imkan verən xüsusi alqoritmə əsaslanan Dolphin Imaging 11.9 proqramından istifadə edilmişdir. Bu plan, hər bir xəstəyə fərdi yanaşmanı təmin edərək, xəstənin çənə və əng sümüklərinin əlaqələrini və yumşaq toxuma profilini nəzərə alır. Müxtəlif ortodontik müalicə variantlarının simulyasi-yası yuxarı çənənin genişləndirilməsi və arxa dişlərin distalizasiyasını daha effektiv olduğunu göstərdi. Yuxarı orta xəttin 2mm sağa sürüşməsi və aşağı orta xəttin üzün orta xətti ilə üst-üstə düşməsi mərkəz xəttinin dəyişmə-sinə səbəb olmuşdur. Sefalometrik ana-liz əsasında ∠ SNA = 79°, ∠ SNB = 77,5°, ∠ SN/GoGn=35° bucaqları hesablanmışdır. Rentge-noloji və KT nəticəsində 11 kəsici dişin tərs çevirilməsi və kəsici kənarın burun boşluğüna doğru yönəldiyi görüntülənmişdir (a-e). Tədqiqatın nəticələri. Qeyd olunan müayinə əsasında iki mərhələli ortodontik müalicə planı tərtib edilmişdir. Müalicənin ilk mərhələsində diş sıralarının formasının normallaşdırılması həyata keçirildi. Birinci aşağı və yuxarı böyük azı dişlərin münasibətləri mezial qabarlar arası olduğu üçün yuxarı yan dişlərin Pendex apparatı ilə distalizasiyası aparıldı (3a). Sonra pasıyentin yuxarı və aşağı diş sıralarına ölçüsü ,018 × 0,025 düym olan breketlər düzülmüşdür. Beləliklə birinci böyük azı dişlərin Angle təsnifatına əsasən I sinif əlaqəsində qapanması təmin edildi. Eyni zamanda 11 nömrəli kəsici diş üçün ortodontik yaylar hesabına yer yaradıldı. Pendex aparatının köməyi ilə diş qövsü 4,8 mm genişləndirilmişdir. Molyarların və ön dişlərin münasibətlərinin normallaşdırılmasından sonra, dayağın gücləndirilməsi və əldə edilmiş nəticənin qorunması üçün Pendex aparatı Nance damaq qövsü ilə əvəz edilmişdir (3b). İkinci mərhələdə 11-ci dişin üzərindən cərrahi yol ilə yumşaq və sərt toxumalar götürüldükdən sonra (4a) dişin palatal səthinin üzərinə ortodontik düymə bərkidilmişdir (4b-də rentgen görüntüləri). Ortodontik düyməyə bərkidilmiş metallik liqaturlar Nance damaq qövsünə lehimlənmiş qarmağa bağlanaraq 11 dişi tədricən yuxarı diş sırası istiqamətinə yönləndirilmişdir. Nikel titan (NiTi) və paslanmayan poladdan qövs simləri ardıcıl olaraq 0,012 NiTi, 0,014, NiTi, daha sonra 0,016 NiTi, 0,016 × 0,016 SS və nəhayət 0,016 × 0,022 SS qədər hər mərhələdə dəyişilmişdir. Əngin sağ mərkəzi və sol yan kəsici dişlər arasında boşluq yarat-maq üçün açıcı yaydan istifadə edil-mişdir. 1,3 il sonra 11-ci dişin üzəri cərrahi olaraq bu dəfə vestibulyar səthindən açılmışdır və üzə-rinə ortodontik düymə bondlanmışdır və müa-licə davam etmişdir (4c-d).
Ümumiyyətlə gömülmüş dişin diş sırasına çıxarılması 24 ay ərzində həyata keçirilmişdir. Müalicədən sonra üzün fotoşəkillərində yumşaq toxuma profilinin əhəmiyyətli dərəcədə yaxşılaşması müşahidə olunurdu. ∠ SNA = 80°, ∠ SNB = 79°, ∠ SN/GoGn=36° bucaqları bərabər idi. Həmçinin nazolabial bucağın da yaxşılaşması nəzərə çarpırdı. Xəstənin təbəssüm xətti aşağıdan normala yüksəldi. Ağızdaxili müayinə zamanı ideal overjet və molyar dişlərin Angle təsnifatına əsasən I sinif əlaqəsi müəyyən edilmişdir. Əngin sol mərkəzi kəsici dişi diş qövsünə düzgün yerləşdirilib və canlılığı qorunub saxlanılıb. Nəticələrin müzakirəsi. Daimi mərkəzi kəsici dişin gömülməsi estetik və funksional baxımdan ən əhəmiyyətli ortodontik problemlərdən biri sayılır. Dişlərin gömülməsinin səbəbləri arasında müvəqqəti dişlərin diş sıralarında uzun müddətli retensiyası, süd dişlərinin vaxtından tez çəkilməsi, alveolyar qövsün darlığı, inkişaf edən diş mayalarının vəziyyət pozğunlunu, daimi dişlərin çıxması üçün yerin olmaması, travmalar və kom-plektdən artiq dişlərin olmasıdır. Əgər dişin çıxması diş formalaşmasının tamamlanmasından sonra iki ildən çox gecikirsə, bu dişlər gömülmüş sayılır. Bəzi müəlliflərin fikrincə diş kökünün formalaşma vaxtı ilə dişlərin çıxması arasında heç bir əlaqə yoxdur. Bəzi hallarda, kəsici dişlərin çıxmasının gecikmə səbəbi komplektdənartıq dişlərdir. Kom-plektdənartıq dişlər 28 -60% hallarda impak-siyaya səbəb olur və 8-9 yaşlarında bu ma-neələrin aradan qaldırılması impaksiyaya mə-ruz qalmış dişlərin diş sırasına spontan çıxma ehtimalını artırır. Ancaq dişlərin çıxma vaxtı dəyişir və 18 aya qədər çata bilər. Tədqiqatlar göstərmişdir ki, gömülmüş kəsici dişlər 49-91% hallarda komplektdənartıq diş çıxarıldıqdan sonra özözünə çıxır.
Dilaserasiya, daimi dişin diş mayasının müvəqqəti dişə yaxın olması səbəbindən süd dişinin travmasının nəticəsidir. Məhz buna görə də daimi dişləmdə dilaserasiya və anadangəlmə diş qüsurları kimi anomaliyalara daha çox rast gəlinir. Daimi dişin zədələnmə dərəcəsi travma anında onun inkişaf mərhələsindən, eləcə də travmatik təsirin növü və istiqamətindən asılıdır. Ədəbiyyatda qeyd olunur ki, travmaya məruz qalmış kəsici dişin kökləri tam formalaşmadığı zaman çıxma ehtimalı daha yüksəkdir. Anadangəlmə yerdəyişmiş kəsici diş normal morfologiyaya malikdir, lakin anormal mövqedə və ya istiqamətdə inkişaf etməsi, onun çıxma trayek-toriyasının düzgün yönəlməməsinə səbəb olur. Gömülmüş kəsici dişlərin müalicəsi ortodont və ağız-üz və çənə cərrahı tərəfindən diqqətli planlaşdırmalıdır. Müalicə texnikasının seçimi müxtəlif amillərdən, o cümlədən xəstənin sağlamlıq vəziyyətindən və dento-fasiyal sistemin xüsusiyyətlərindən asılıdır. Öncə, ortodontik və ya cərrahi müalicənin müvəffəqiyyətinə təsir edə biləcək xəstəlikləri istisna etmək üçün anamnez toplanmalıdır. Açıq üsul bu vəziyyət üçün daha uyğun hesab olundu, çünki gömülmüş dişin tacının vestibül -yar səthi burun boşluğuna doğru yerləşmişdi. Açıq texnika selikli qişa səthinə yaxın olan dişlər üçün ideal hesab olunur və selikli qişanın kəsilməsini nəzərdə tutur. Bu üsul ortodontik düymənin etibarlı fiksasiyası və dartma istiqamətinə nəzarət üçün lazım olan quru sahə yaradır. Lakin nəzərə almaq lazımdır ki, bu yanaşma tacın kliniki uzunluğunun artmasına və estetik nəticənin azalmasına səbəb ola bilər. Açıq tex-nikadan fərqli olaraq qapalı texnikada impak-siya olunmuş dişin proyeksiyasında kəsilmiş selikli qişa parçası qaldırılır, dişin üzərinə ortodontik düymə fiksasiya ediləndən sonra geri qaytarılır. Bu texnika dişin çənə sümük-lərində dərin gömülməsi zamanı istifadə edilir və gələcəkdə dişin ətrafinda gingival toxu-maların qorunmasına kömək edir.
Yekun. Gömülmüş dişin müalicəsi onun çənə və əng sümüyündə vəziyyətindən və diş qövsündə onu yerləşdirmək üçün kifayət qədər yerin olması ilə müəyyən edilir. Xüsusi kompüter proqramı (“Dolphin – Imaging 11,9”) əsasında aparılan üz profilinin analizləri ortodontik müalicənin səmərəli aparılmasına imkan yaradır. Gömülmüş dişin kökü tam inkişaf etmiş və ya əlverişsiz vəziyyətdə olduğu aşkar edildikdə, onun diş sırasında yerləşməsi üçün cərrahi və ortodontik müalicə lazımdır. Modifikasiya olunmuş Nance damaq qövsü gənc pasientlər tərəfindən rahatlıqla istifadə edilir. Gömülmüş kəsici dişin idarə olunan qüvvənin tətbiqi ilə hərəkəti qonşu dişlərin məhdud zədələnməsi, estetikanın və funksiyanın yaxşılaşması ilə nəticələnir.
Şəkillər
Açar sözlər
İstinadlar
1. American Academy of Pediatric Dentistry. Policy on the ethical responsibilities in the oral health care management of infants, children, adolescents, and individuals with special health.
2. Proffit W.R. The etiology of orthodontic problems / W.R.Proffit, H.W. Fields, B.E. Jr, Larson, D.M.Sarver,.– Philadelphia: Contemporary Orthodontics. Elsevier;. 6th ed.– 2019, – p. 107-36
3. Roulias P. Teeth Eruption Disorders: A Critical Review / P.Roulias, N.Kalantzis, D.Doukaki [et all.] // Children (Basel). –2022. 9(6), – p. 771. doi: 10.3390/ children9060771.
4. Jain S. Unraveling Impacted Maxillary Incisors: The Why, When, and How / S.Jain, M.Raza, P.Sharma, [et all.] // Int J Clin Pediatr Dent. – 2021. 14(1), p. 149- 157. doi: 10.5005/jp-journals-10005- 1903.
5. Khalaf K., Brook A.H., Smith R.N. Genetic, Epigenetic and Environmental Factors Influence the Phenotype of Tooth Number, Size and Shape: Anterior Maxillary Supernumeraries and the Morphology of Mandibular Incisors // Genes (Basel). – 2022. 13(12), – p. 2232. doi: 10.3390/genes13122232.
6. Mathew J.A. Case of Supernumerary Incisors in a Young Male Child: A Rare Occurrence of Four Central Incisors in the Maxillary Anterior Region. / JAMathew, R.Kamble, S.Das [et all.] // Cureus. – 2023. 15(2), – p. e35047. doi: 10.7759/ cureus.35047
7. Elshebiny T. Accuracy of ThreeDimensional Soft Tissue Prediction in Orthognathic Cases Using Dolphin ThreeDimensional Software / T.Elshebiny, S.Morcos, A.Mohammad [et all.] // J Craniofac Surg. – 2019. 30(2, – p :525- 528. doi: 10.1097/SCS.0000000000005037
8. Mason C. A retrospective study of unerupted maxillary incisors associated with supernumerary teeth / C.Mason,
N.Azam, R.D.Holt [et all.] // Br J Oral Maxillofac Surg. – 2000. 38(1), – p 62-65. doi: 10.1054/bjom.1999.0210.
9. Seehra J. Interventions to facilitate the successful eruption of impacted maxillary incisor teeth due to the presence of a supernumerary: A systematic review and meta-analysis / J.Seehra, K.Mortaja, F.Wazwaz, [et all.] // Am J Orthod Dentofacial Orthop. – 2023. 163(5), – p. 594-608. doi: 10.1016/j.ajodo.2023.01.04
10. Jha K. Adhikari M. Surgical orthodontic intervention for impacted maxillary permanent central incisors: A case series // Clin Case Rep. – 2023. 11(11), – p.:e8199. doi: 10.1002/ccr3.8199.
11. Nakornnoi T., Chanmanee P. Accuracy of Digital Imaging Software to Predict Soft Tissue Changes during Orthodontic Treatment // J Imaging. – 2024, 10(6), – p. 134. doi: 10.3390/jimaging10060134.
12. Sfeir E. Alveolar Bone and Epithelial Attachment Status following Two Different Closed-eruption Surgical Techniques for Impacted Maxillary Central Incisors / E.Sfeir, M.Gholmieh, Z.Skaf [et all.] // Int J Clin Pediatr Dent. – 2018. 11(4), – p. 317-322. doi: 10.5005/jp -journals-10005-1532.
Məqalə barədə təfərrüatlar:
Nəşr tarixçəsi
Dərc edilib: 15.Jan.2025
Müəllif hüququ
© 2022-2026. Nəzəri, Klinik və Eksperimental Morfologiya Jurnalı. Jurnalın elektron versiyası "Uptodate in Medicine" tibb nəşriyyatı tərəfindən dərc olunur. Bütün hüquqlar qorunur.Əlaqəli məqalələr
YENİYETMƏ YAŞ DÖVRÜNDƏ QALXANABƏNZƏR VƏZİNİN MAKROMİKROSKOPİK QURULUŞ XÜSUSİYYƏTLƏRİ
Baxılıb: 17


