Abstrakt

Dentin hiperhəssaslığı terapevtik stomatologiyanın ən çox rast gəlinən problemlərindən biridir və termiki, kimyəvi, osmotik və ya mexaniki qıcıqlara qarşı qısamüddətli, kəskin ağrı ilə xarakterizə olunur [1].

Əsas mətn

Giriş. Dentin hiperhəssaslığı terapevtik stomatologiyanın ən çox rast gəlinən problemlərindən biridir və termiki, kimyəvi, osmotik və ya mexaniki qıcıqlara qarşı qısamüddətli, kəskin ağrı ilə xarakterizə olunur [1]. Dentin hiperhəssaslığı açıq qalmış dentinin termiki, mexaniki (toxunma), osmotik və ya kimyəvi qıcıqlandırıcılara məruz qalması nəticəsində yaranan qısamüddətli və kəskin ağrı ilə xarakterizə olunur.  Bu diaqnoz yalnız xəstənin şikayətlərini  izah edə biləcək başqa diş patologiyalarının olmadığı hallarda qoyulur. Buna görə də dentin hiperhəssaslığı klinik praktikada istisna diaqnozu (diagnosis of exclusion) hesab edilir [2].

Oxşar ağrı simptomları diş kariyesi, çatlamış diş sindromu, geri dönən və ya geri dönməyən pulpit, qüsurlu restavrasiyalar və ya stomatoloji müdaxilələrdən sonrakı həssaslıq zamanı da müşahidə oluna bildiyindən, dentin hiperhəssaslığının diaqnostikası diqqətli differensial yanaşma tələb edir [3]. Onilliklər ərzində aparılan çoxsaylı tədqiqatlara baxmayaraq, dentin hiperhəssaslığı bu gün də həm diaqnostik, həm də terapevtik baxımdan aktual problem olaraq qalır. Bunun əsas səbəbləri xəstəliyin çoxamilli etiologiyaya malik olması, klinik əlamətlərinin müxtəlif formalarda təzahür etməsi və tətbiq olunan müalicə üsullarına fərqli cavab verməsidir. Bu xüsusiyyətlər dentin hiperhəssaslığının idarə olunmasını çətinləşdirir və problemin daha dərindən öyrənilməsini zəruri edir [4]. Müasir tədqiqatlar göstərir ki, dentin hiperhəssaslığı yalnız klinik problem deyil, həm də xəstələrin gündəlik fəaliyyətinə, qidalanmasına, sosial münasibətlərinə və psixoloji vəziyyətinə mənfi təsir göstərən 8 mühüm həyat keyfiyyəti problemidir. Oral sağlamlıqla əlaqəli həyat keyfiyyətinin qiymətləndirilməsi son illərdə stomatologiyada mühüm tədqiqat istiqamətlərindən birinə çevrilmişdir. OHIP-14 sorğusu xəstələrin fiziki, psixoloji və sosial vəziyyətini obyektiv qiymətləndirməyə  imkan verir [5]. Mövcud ədəbiyyat məlumatlarına baxmayaraq, dentin hiperhəssaslığının ağırlıq dərəcəsi ilə həyat keyfiyyətinin müxtəlif komponentləri arasındakı əlaqə hələ də tam aydınlaşdırılmamışdır ki, bu da problemin daha ətraflı tədqiq edilməsini zəruri edir.

Tədqiqatın məqsədi dentin hiperhəs-saslığının ağırlıq dərəcəsinin oral sağlamlıqla əlaqəli həyat keyfiyyətinə təsirini müəyyən etmək olmuşdur.

Tədqiqat materialı və metodları. Tədqiqat kəsiyəvi müşahidə xarakterli olmuşdur. Tədqiqata 18–55 yaş arasında olan 47 xəstə daxil edilmişdir. I qrupa orta dərəcəli dentin hiperhəssaslığı olan 23 xəstə, II qrupa ağır dentin hiperhəssaslığı olan 24 xəstə daxil edilmişdir. Dentin hiperhəssaslığı hava axını testi və zondla toxunma testi əsasında müəyyən edilmişdir [6]. Ağrı intensivliyi 10 ballıq VAS şkalası ilə qiymətləndirilmişdir [7]:
-0–3 bal – yüngül ağrı
-4–6 bal – orta ağrı
-7–10 bal – güclü ağrı

Oral sağlamlıqla əlaqəli həyat keyfiyyəti OHIP-14 sorğusu vasitəsilə qiymətləndirilmişdir. Sorğu 14 sualdan ibarət olub maksimum 56 bal təşkil etmişdir. Yüksək bal həyat keyfiyyətinin daha çox pozulmasını göstərmişdir [7]. Statistik analiz SPSS 26.0 proqramında aparılmışdır. Göstəricilər orta qiymət ± standart sapma (M±SD) şəklində təqdim edilmişdir. p<0,05 statistik əhəmiyyətli hesab edilmişdir.

Tədqiqatın nəticələri və onların müzakirəsi. Yaş göstəricilərinin təhlili zamanı I qrupda orta yaşın 32,8±8,1 il, II qrupda isə 34,5±7,9 il olduğu müəyyən edilmişdir. Qruplar arasında yaş göstəricisi üzrə statistik əhəmiyyətli fərq aşkar edilməmişdir (p=0,46). Bu nəticə göstərir ki, hər iki qrup yaş baxımından homogen olmuş və sonrakı müqayisələrin nəticələrinə yaş faktorunun təsiri minimal səviyyədə olmuşdur (Cədvəl 1). Xəstələrin cins bölgüsünün təhlili zamanı I qrupda qadınların sayı 14 nəfər (60,9%), kişilərin sayı isə 9 nəfər (39,1%) təşkil etmişdir. II qrupda isə qadınlar 15 nəfər (62,5%), kişilər isə 9 nəfər (37,5%) olmuşdur. Qadın və kişi xəstələrin nisbəti hər iki qrupda bir-birinə yaxın olmuş, statistik cəhətdən əhəmiyyətli fərq müşahidə edilməmişdir (p=0,91). Ümumilikdə, hər iki qrupda qadınların xüsusi çəkisi kişilərlə müqayisədə daha yüksək olmuşdur. Bununla belə, qruplar arasında cins bölgüsünün oxşar olması sonrakı klinik və həyat keyfiyyəti göstəricilərinin müqayisəsi zamanı cins amilinin mümkün təsirini minimuma endirmişdir. Beləliklə, yaş və cins göstəriciləri üzrə aparılan müqayisə göstərmişdir ki, I Göstəricilər I qrup (n=23) II qrup (n=24) p Yaş (il) 32,8±8,1 34,5±7,9 0,46 Qadın 14 (60,9%) 15 (62,5%) 0,91 Kişi 9 (39,1%) 9 (37,5%) 0,91 9 və II qruplar demoqrafik xüsusiyyətlər  baxımından statistik cəhətdən müqayisə-olunan olmuşdur (p>0,05). Bu isə dentin hiperhəssaslığının ağırlıq dərəcəsinə görə əldə edilən nəticələrin daha obyektiv qiymətləndirilməsinə imkan vermişdir. OHIP-14 nəticələrinə görə həyat keyfiyyətinin pozulması ağır hiperhəssaslığı  olan xəstələrdə daha qabarıq olmuşdur. I qrupda OHIP-14 göstəricisi 17,6± 5,3 bal təşkil etdiyi halda, II qrupda bu göstərici 32,4±6,8 bal olmuşdur (p<0,001). Bu fərq ağır hiperhəssaslıq zamanı həyat keyfiyyətinin təxminən 84% daha çox pozulduğunu göstərir (Cədvəl 2). Dentin hiperhəssaslığının ağırlıq dərəcəsinin xəstələrin klinik vəziyyətinə və həyat keyfiyyətinə təsirini qiymətləndirmək məqsədilə VAS ağrı şkalası və OHIP-14 sorğusunun nəticələri təhlil edilmişdir. Əldə olunan nəticələr hər iki göstərici üzrə qruplar arasında statistik cəhətdən yüksək əhəmiyyətli fərqlərin mövcud olduğunu göstərmişdir (p<0,001). VAS şkalası üzrə aparılan qiymətləndirmə zamanı I qrupda ağrı intensivliyinin orta göstəricisi 4,8±1,1 bal təşkil etmişdir ki, bu da orta dərəcəli ağrı səviyyəsinə uyğun gəlir. II qrupda isə VAS göstəricisi 8,1±1,0 bal olmuşdur və bu nəticə güclü ağrı sindromunu xarakterizə edir. Beləliklə, ağır dentin hiperhəssaslığı olan xəstələrdə ağrı intensivliyi I qrupla müqayisədə təxminən 68,8% yüksək olmuşdur. Qruplar arasında müşahidə edilən fərq statistik cəhətdən yüksək etibarlılığa malik olmuşdur (p<0,001).Bu nəticələr göstərir ki, dentin hiperhəssaslığının ağırlıq dərəcəsi artdıqca xəstələrin gündəlik fəaliyyət zamanı hiss etdikləri ağrı da əhəmiyyətli dərəcədə artır. Xüsusilə soyuq və isti qidaların qəbulu, dişlərin fırçalanması, turş qidaların istifadəsi və hava axınının təsiri zamanı yaranan ağrı hissi xəstələrin rahatlığını nəzərəçarpacaq dərəcədə azaldır. Oral sağlamlıqla əlaqəli həyat keyfiyyətinin qiymətləndirilməsi məqsədi ilə istifadə olunan OHIP-14 sorğusunun nəticələri də oxşar tendensiya nümayiş etdirmişdir. I qrupda OHIP-14 üzrə orta göstərici 17,6±5,3 bal olduğu halda, II qrupda bu göstərici 32,4±6,8 bal təşkil etmişdir (p<0,001). Başqa sözlə, ağır dentin hiperhəssaslığı olan xəstələrdə həyat keyfiyyətinin pozulma dərəcəsi orta hiperhəssaslığı olan xəstələrə nisbətən təxminən 1,8 dəfə yüksək olmuşdur. OHIP-14 üzrə yüksək balların qeydə alınması xəstələrin fiziki, emosional və  sosial rifahında nəzərəçarpacaq dəyişikliklərin baş verdiyini göstərir. Ağır hiperhəssaslığı olan xəstələr qida qəbulu zamanı narahatlıq hiss edir, müəyyən qida və içkilərdən imtina etməyə məcbur olur, ağız boşluğunun gigiyenasını tam şəkildə yerinə yetirməkdə çətinlik çəkir və nəticədə psixoloji diskomfort yaşayırlar. Bu hallar onların gündəlik sosial fəaliyyətinə və ümumi həyat keyfiyyətinə mənfi təsir göstərir.

Nəticələr göstərir ki, dentin hiperhəssaslığının ağırlıq dərəcəsi yalnız ağrı hissinin güclənməsi ilə deyil, eyni zamanda Göstəricilər I qrup (n=23) II qrup  (n=24) p VAS (bal) 4,8±1,1 8,1±1,0 <0,001 OHIP-14  (bal) 17,6±5,3 32,4±6,8 <0,001 10 oral sağlamlıqla əlaqəli həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi ilə müşayiət olunur. Hər iki göstərici üzrə əldə olunan statistik əhəmiyyətli fərqlər (p<0,001) dentin hiperhəssaslığının klinik praktikada yalnız lokal stomatoloji problem kimi deyil, xəstələrin ümumi rifahına təsir göstərən mühüm tibbi-sosial problem kimi qiymətləndirilməsinin vacibliyini təsdiqləyir. Oral sağlamlıqla əlaqəli həyat keyfiyyətinin daha ətraflı qiymətləndirilməsi məqsədilə OHIP-14 sorğusunun ayrı-ayrı komponentləri üzrə nəticələr təhlil edilmişdir. Aparılan analiz dentin hiperhəssaslığının ağırlıq dərəcəsinin həyat keyfiyyətinin bütün əsas sahələrinə mənfi təsir göstərdiyini nümayiş etdirmişdir. Demək olar ki, bütün komponentlər üzrə II qrupda göstəricilər I qrupla müqayisədə statistik cəhətdən əhəmiyyətli dərəcədə yüksək olmuşdur. Funksional məhdudiyyət göstəricisi I qrupda 2,7±1,1 bal, II qrupda isə 5,4±1,4 bal təşkil etmişdir (p<0,001). Bu nəticə ağır dentin hiperhəssaslığı olan xəstələrdə funksional problemlərin təxminən iki dəfə daha çox rast gəlindiyini göstərir. Belə xəstələrdə qida qəbulu, xüsusilə soyuq, isti və ya turş qidaların istifadəsi zamanı narahatlıq daha qabarıq şəkildə müşahidə olunur.

Fiziki ağrı komponenti OHIP-14 üzrə ən yüksək göstəricilərdən biri olmuşdur. I qrupda bu göstərici 3,9±1,3 bal olduğu halda, II qrupda 6,8±1,5 bal təşkil etmişdir (p<0,001). Ağır hiperhəssaslıq zamanı fiziki ağrının daha intensiv olması gündəlik həyat fəaliyyətlərinə və qidalanma davranışına mənfi təsir göstərmişdir. Bu göstərici dentin hiperhəssaslığının əsas klinik təzahürünün məhz ağrı sindromu olduğunu bir daha təsdiqləyir.

Psixoloji diskomfort göstəricisinin təhlili zamanı da əhəmiyyətli fərqlər müəyyən edilmişdir. I qrupda orta göstərici 2,8±1,2 bal, II qrupda isə 5,7±1,6 bal olmuşdur (p<0,001). Bu nəticə ağır hiperhəssaslığı olan xəstələrdə narahatlıq, gərginlik və ağız boşluğunda yaranan ağrı ilə bağlı daimi diqqətin daha çox müşahidə olunduğunu göstərir. Fiziki məhdudiyyət komponenti üzrə I qrupda göstərici 2,6±1,0 bal, II qrupda isə 4,8±1,3 bal təşkil etmişdir (p<0,001). Bu fərq göstərir ki, ağır hiperhəssaslıq xəstələrin gündəlik funksional fəaliyyətlərini, xüsusilə qida seçimini və ağız gigiyenası prosedurlarını yerinə yetirməsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Psixoloji məhdudiyyət göstəricisi də qruplar arasında statistik əhəmiyyətli fərqlənmişdir. I qrupda 2,1±1,1 bal olan bu göstərici II qrupda 4,2±1,2 bala yüksəlmişdir (p<0,001). Bu nəticə ağrı hissinin xəstələrin özünəinamına, emosional vəziyyətinə və ümumi psixoloji rifahına mənfi təsir göstərdiyini nümayiş etdirir.Göstəricilər I qrup (n=23) II qrup (n=24) p Funksional məhdudiyyət 2,7±1,1 5,4±1,4 <0,001 Fiziki ağrı 3,9±1,3 6,8±1,5 <0,001 Psixoloji diskomfort 2,8±1,2 5,7±1,6 <0,001 Fiziki məhdudiyyət 2,6±1,0 4,8±1,3 <0,001 Psixoloji məhdudiyyət 2,1±1,1 4,2±1,2 <0,001 Sosial məhdudiyyət 1,8±0,9 3,3±1,1 <0,001 11 Sosial məhdudiyyət komponenti üzrə də oxşar tendensiya müşahidə olunmuşdur. I qrupda orta göstərici 1,8±0,9 bal, II qrupda isə 3,3±1,1 bal olmuşdur (p<0,001). Ağır hiperhəssaslığı olan xəstələrdə sosial ünsiyyət zamanı narahatlıq, ictimai yerlərdə qida qəbulu zamanı ehtiyatlı davranış və sosial aktivliyin azalması daha çox müşahidə edilmişdir.

Ümumilikdə OHIP-14 komponentlərinin təhlili göstərmişdir ki, dentin hiperhəssaslığının ağırlıq dərəcəsi artdıqca həyat keyfiyyətinin bütün sahələrində mənfi dəyişikliklər baş verir. Ən böyük fərqlər fiziki ağrı, psixoloji diskomfort və funksional məhdudiyyət sahələrində müşahidə olunmuşdur. Bu nəticələr dentin hiperhəssaslığının yalnız lokal stomatoloji problem deyil, həm də xəstələrin fiziki, emosional və sosial rifahına təsir edən kompleks klinik vəziyyət olduğunu göstərir. Buna görə də belə xəstələrin müalicəsində ağrının aradan qaldırılması ilə yanaşı, həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş kompleks yanaşmanın tətbiqi məqsədəuyğun hesab olunur. Aparılmış tədqiqat dentin hiperhəssaslığının xəstələrin həyat keyfiyyətinə əhəmiyyətli təsir göstərdiyini nümayiş etdirmişdir. Əldə olunan nəticələr göstərmişdir ki, ağrı intensivliyi artdıqca oral sağlamlıqla əlaqəli həyat keyfiyyəti göstəriciləri əhəmiyyətli dərəcədə pisləşir. OHIP-14 üzrə ən yüksək göstəricilər fiziki ağrı, funksional məhdudiyyət və psixoloji diskomfort sahələrində müşahidə olunmuşdur. Bu fakt xəstələrin soyuq və isti qidaların qəbulu, dişlərin təmizlənməsi və gündəlik qidalanma zamanı çətinliklər yaşadığını göstərir.

Müasir ədəbiyyat məlumatlarına əsasən dentin hiperhəssaslığı yalnız ağrı sindromu deyil, həm də psixososial rifahı azaldan faktor hesab olunur. Bizim nəticələrimiz əvvəlki tədqiqatların nəticələri ilə uyğunluq təşkil etmiş və ağrı intensivliyi ilə həyat keyfiyyəti arasında güclü müsbət korelyasiya aşkar etmişdir. Tədqiqatın elmi yeniliyi dentin hiperhəssaslığının ağırlıq dərəcəsinin yalnız klinik deyil, həm də psixososial aspektdən qiymətləndirilməsindədir. Əldə olunan nəticələr göstərir ki, VAS göstəricisi həyat keyfiyyətindəki dəyişikliklərin proqnozlaşdırılmasında istifadə oluna bilər.

Nəticələr:
1. Ağır dentin hiperhəssaslığı olan xəstələrdə VAS göstəricisi orta dərəcəli hiperhəssaslığı olan xəstələrlə müqayisədə əhəmiyyətli dərəcədə yüksək olmuşdur (8,1±1,0 və 4,8±1,1 bal; p<0,001).
2. Oral sağlamlıqla əlaqəli həyat keyfiyyəti ağır hiperhəssaslıq qrupunda daha çox pozulmuşdur (OHIP-14: 32,4±6,8 və 17,6±5,3 bal; p<0,001).
3. Həyat keyfiyyətində ən böyük dəyişikliklər fiziki ağrı, funksional məhdudiyyət və psixoloji diskomfort sahələrində müşahidə edilmişdir.

Şəkillər

Açar sözlər

İstinadlar

1. Kaur A. Dentin hypersensitivity, an enigma revisited: Mechanisms, diagnosis and therapeutic advances / A.Kaur, H.Lau, S.Rohilla [et al.] // J Conserv Dent Endod., 2026, 29(4), p. 339-347
2. Canadian Advisory Board on Dentin Hypersensitivity Consensus-based recommendations for the diagnosis and management of dentin hypersensitivity // J Can Dent Assoc., 2003, 69, p. 221-226
3. Mantzourani M., Sharma D. Dentine sensitivity: Past, present and future // J Dent., 2013, 41(4), p. 3-17.12
4. Aminoshariae A., Kulild J.C. Current concepts of dentinal hypersensitivity // J Endod. 2021, 47, p. 1696-702
5. Liu X.X, Pathogenesis, diagnosis and management of dentin hypersensitivity: An evidence-based overview / X.X,Liu H.C.Tenenbaum, R.S.Wilder [et al.] // BMC Oral Health, 2020, 20, p. 220.
6. Hawker G.A. Measures of adult pain: Visual Analog Scale for Pain (VAS Pain) / G.A.Hawker, S.Mian, T.Kendzerska [et al.] // Arthritis Care & Research, 2011, 63 (S11), p. 240-252
7. Montero J. Dimensional structure of the Oral Health Impact Profile (OHIP-14) / J.Montero, M.Bravo, M.P.Vicente et al. // Health and Quality of Life Outcomes. 2010, 8, p. 11 

Məqalə barədə təfərrüatlar:

Nəşr tarixçəsi

Dərc edilib: 01.Oct.2026

Müəllif hüququ

© 2022-2026. Nəzəri, Klinik və Eksperimental Morfologiya Jurnalı. Jurnalın elektron versiyası "Uptodate in Medicine" tibb nəşriyyatı tərəfindən dərc olunur. Bütün hüquqlar qorunur.

Əlaqəli məqalələr

Əlaqəli məqalə tapılmadı

Baxılıb: 21