Abstract

The anniversary article is dedicated to the 85th anniversary of the academician of the Russian Academy of Sciences, Doctor of Medical Sciences, Professor of the Department of Human Anatomy and Medical Terminology of the Azerbaijan Medical University Shadlinski Vagif Bilas oglu.

Full article

İnsanlar həmişə elmi cəmiyyətin ali dəyəri hesab etmişlər, ən qədim zamanlardan başlayaraq elm yüksək qiymətləndirilib və elmi kəşf etmiş dahilər insan cəmiyyətinin inkişafına imkan yaratmışlar.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Təbabətin özünəməxsus sirli dünyası var, lap qədim dövrlərdən təbiblərə fövqəlinsan, qeyri-adi bacarıqları, Tanrı vergisi olan şəxslər kimi baxılmışdır. Həkimlik peşəsini, müalicənin üsullarını, Allahın sənət əsəri olan insanın bədən quruluşunu gələcək həkimlərə öyrədənlərin, onlara ustadlıq edənlərin qarşısında ehtiram daha böyük olmuşdur. Cəmi bir neçə il ərzində heç bir təcrübəsi olmayan gənc oğlan və qızlar həqiqi ustadların əlində püxtələşib insanların xəstəlikləri ilə amansız ölüm-dirim savaşına atılır, bu yolda sağlamlığından, bəzən canından keçməyə hazır olur. Bu ustadlar onlara təkcə nəzəri və təcrübi təbabəti öyrətmir, mükəmməl mənəviyyat dərsi, insanlara sevgi və qayğını aşılayır. Belə bir ustadın, Şöhrət ordenli, Əməkdar elm xadimi və Əməkdar həkim, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının, Rusiya Tibb Elmləri Akademiyasının, Rusiya Elmlər Akademiyasının akademiki, tibb elmləri doktoru, professor, ölkəmizdə anatomiya və morfologiya elmlərini dünya səviyyəsinə yüksəltmiş alimin – Vaqif Bilas oğlu Şadlinskinin 2025-ci ilin yanvar ayının 24-də anadan olmasının 85 illiyini qeyd edirik. Bütün peşəkar fəaliyyəti tibb elminin və tədrisinin mükəmməlləşməsinə, təbabətin fundamenti olan anatomiyanın inkişafına həsr olunmuş V.B.Şadlinskinin həyatı Vətənə, xalqa həsr olunmuş, humanizmi ilə insanlara şəfqət saçmışdır. Gərgin əməyi, fitri təşkilatçılıq istedadı, həmkarlarının və tələbələrinin arxa-dayağı olmaq kimi insansevərliyindən irəli gələn, İlahinin vergisi olan xüsusiyyəti sayəsində Vaqif Şadlinski təkcə tibb aləmində deyil, elm və təhsilin bütün sahələrində, ölkəmizdə və onun sərhədlərindən çox-çox uzaqlarda dərin hörmət və ehtiram qazanmışdır. İstər nəzəri, istərsə də təcrübi təbabətin hər bir nümayəndəsi xaricdə keçirilən elmi forum-larda, konfrans və konqreslərdə Vaqif müəl-lim barədə görkəmli alimlərin, dünya şöhrətli təbiblərin səmimi söhbətlərini dinləmiş və bundan ürəyi dağa dönmüşdür. Həqiqətən də akademik V.B.Şadlinskinn şərəfli həyat və peşə yolu insan fəaliyyətinin ən humanist sahələrinə – elmə, təbabətə və təhsilə xidmətin nümunəsi sayılmalı, örnək olmalıdır.

Vaqıf Bilas oğlu Şadlinski 1940-cı ildə qədim Azərbaycan torpağı olan indiki Ermənistanın Vedi rayonunda ziyalı ailəsində anadan olmuşdur. 1948-ci ildə onun da ailəsi minlərlə Azərbaycanlı kimi deportasiyaya uğramış, Azərbaycanın Şəmkir rayonunda məskunlaşmışdır. Yüz minlərlə Azərbaycanlıya qarşı edilmiş tarixi ədalətsizliyin, doğma torpaqlarından uzaq düşməyin əziyyətini kiçik yaşlarından öz ailəsi, yaxın və doğmaları üzərində hiss etmiş V.B.Şadlinski bu haqsızlıqla mübarizəni bütün ömrü boyu daşımış, çalışdığı hər bir sahədə, tutduğu hər bir vəzifədə vətəndaşlıq mövqeyini, Vətənə məhəbbətini, millətinin təəssübünü qabarıq surətdə biruzə vermişdir. Bu mübarizə üçün V.B.Şadlinskiyə yüksək titullar və adlar lazım olmamışdır – onun həyatının ilk dövrlərinə də baxsaq, çalışdığı hər bir sahənin başında durmuş, daşnak tör-töküntüsünə rəğbət bəsləyən, ermənipərəst qüvvələrə qarşı barışmaz olduğunun, hər zaman onları yerində oturtduğunun şahidi olarıq. Bu ədalət tələbi, haqq istəyi, yüksək peşəkarlığı və təşkilatçılığı ilə bərabər gənc yaşlarından V.B.Şadlinskinin yüksək ehtiram və nüfuz sahibi olmasına səbəb olmuşdur. 1959-cu ildən V.B.Şadlinski ordu sıralarında hərbi xidmətdə olmuş, bölmə komandiri vəzifəsinə qədər yüksəlmişdir. 1963- 1968-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun stomatologiya fakültəsində təhsil almış və bu ali tibb ocağını fərqlənmə diplomu ilə bitirmişdir. 1966-cı ildən Vaqif Şadlinski çox məsul vəzifəyə irəli çəkilmiş, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri olmuşdur. 1967-ci ildə SSRİ Tibb işçilərinin XX qurultayı kimi mötəbər bir tədbirə çox gənc V.B.Şadlinskinin nümayəndə seçilməsi artıq o zaman onun Respublikanın yeganə tibb ali tədris müəssisəsində malik olduğu nüfuzundan və mövqeyindən xəbər verir. V.B.Şadlinski 1970-ci ildən Azərbayan Tibb Universitetinin İnsan anatomiyası kafedrasında baş laborant, assistent, baş müəllim, dosent, professor vəzifələrinə qədər yüksəlmiş, 1995-ci ildə kafedranın müdiri vəzifəsinə seçilmişdir. 1981-ci ildə Sovetlər Birliyinin “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif olunmuş Vaqif müəllimin 1982-ci ildə anatomların, histoloq və embrioloqların Orenburqda keçirilən I Ümumrusiya qurultayında sümük sisteminin öyrənilməsinə dair hazırladığı tövsiyənin də fəxri fərmana layiq görülməsi gənc alimin fəaliyyətinin nə qədər şoxşaxəli və perspektivlərə işıq saçan olduğunu görürük.

V.B.Şadlinski tərəfindən prenatal və postnatal ontogenezdə çeynəmə aparatı sinirlərinin makromikroskopik anatomiyası, fərdi və yaş xüsusiyyətlərinin qanunauyğunluqları müəyyən edilmişdir. Görkəmli anatom tərəfindən tam sübut edilmişdir ki, çeynəmə əzələləri və onların fəaliyyəti periferik sinir sisteminin mürəkkəb quruluşa malik strukturları tərəfindən tənzim olunur. İlk dəfə olaraq elmdə gözyuvasıaltı və aşağı alveol sinirlərinin şaxələnməsinin altı variantı müəyyən edilmişdir. Həmçinin isbat olunmuşdur ki, gözyuvasıaltı dəliyin yerləşməsi əng sumuyünün xüsusiyyətlərindən asılıdır. Gərgin tədqiqatlar nəticəsində ilk dəfə əlavə gözyuvasıaltı dəliklər aşkarlanmışdır ki, bunların da vasitəsilə gözyuvasıaltı sinirin şaxələri üz səthinə çıxır. V.B.Şadlinski tərəfindən aparılmış bu tədqiqatlar 1982-ci ildə uğurla müdafiə olunmuş “Gözyuvasıaltı və aşağı alveol sinirlərinin topoqrafiyası və kötükdaxili quruluşu” adlı namizədlik dissertasiyasında və bir neçə nəsil anatom, neyrocərrah və stomatoloqların stolüstü kitabına çevrilmiş, 1991-ci ildə çap olunmuş “Çeynəmə aparatı sinirlərinin cərrahi anatomiyası” monoqrafiyasında parlaq surətdə öz əksini tapmışdır. Qeyd olundu ki, akademik V.B.Şadlinskinin bütün elmi tədqiqatları klinik təcrübə üçün ümdə əhəmiyyət kəsb edən, proqram xarakterli fundamental konsepsiyalara çevrilmiş, bütöv tibbi istiqamətlərin – neyrocərrahiyyənin, tibbi antropologiyanın, dental implantologiyanın ölkəmizdə və onun sərhəd -lərindən çox-çox uzaqlarda inkişafına təkan olmuşdur. Bu baxımdan görkəmli akademikin doktorluq dissertasiyası üzərində xüsusi dayanmaq istərdik. Azərbaycan Respublikası üçün qalxanabənzər vəzi patologiyalarının böyük əhəmiyyətini nəzərə alaraq V.B.Şadlinski həmin vəzinin morfofunksional xüsusiyyətlərinin tədqiqinə başlamış, müxtəlif yaş dövrlərində onun vəziyyətini səciyyələndirən morfoloji əlamətləri yüksək səviyyədə ifadə etmişdir. Müəllif tərəfindən müxtəlif yaş dövrlərində ekstra və intrafollikulyar proliferasiya vəzinin funksional aktivliyinin göstəriciləri kimi müəyyən olunmuşdur. Dissertasiyanın mühüm nəzəri aspekti follikulogenez və eliminasiya proseslərinin bütün detallarına qədər tədqiqi olmuşdur. Akademik V.B.Şadlinski tərəfindən ilk dəfə follikulyar qrupların hemomikrosirkulyator yatağının xarakterik anatomik quruluşunun follikulların əmələ gəlməsində və eliminasiyasında rolunu izah edən hipotez irəli sürülmüşdür. Bu gərgin tədqiqatların nəticələri müdafiəsi 1999-cu ildə böyük triumfla baş tutmuş “Normada və zobogen təsirlər şəraitində qalxanabənzər vəzinin struktur homeostazı və morfofunksional xüsusiyyətləri” adlı doktorluq dissertasiyasında təsbit olunmuşdur. Bir qədər sonra Rusiya Federasiyasında çap olunmuş və çap olunduğu gündən elmi raritetə çevrilmiş “Normada və strumogen təsirlər zamanı qalxanabənzər vəzinin struktur təşkili və morfofunksional xüsusiyyətləri” monoqrafiyası işıq üzü gördü. Azərbaycanın tibb ictimaiyyəti bu əsərlərlə böyük coşqunluq içində idi. Rusiya Tibb Elmləri Akdemiyasının Endokrinologiya elmi mərkəzinin direktoru, RTEA-nın akademiki İ.İ.Dedov yazırdı: “Monoqrafiyada eksperimentdə və klinikada alınmış nəticələrin məntiqi analizi verilmişdir. Bu da qalxanabənzər vəzinin toxumasında baş verən adaptiv prosesləri, eləcə də yod çatışmazlığı şəraitində inkişaf edən müxtəlif xəstəliklər zamanı patoloji dəyişikliklərin formalaşmasını dərindən anlamağa imkan verir.”

V.B.Şadlinski 1988-1991-ci illərdə ATU-nun I müalicə-profilaktika fakültəsinin dekan müavini, 1992-1994-cü illərdə Həmkarlar İttifaqı Komitəsinin sədri, 1994-1995- ci illərdə Ümumi işlər üzrə prorektoru, 1996- 2001-ci illərdə Tədris işləri üzrə prorektoru vəzifələrində çalışmışdır. 1994-2001-ci illərdə V.B.Şadlinski Yeni Azərbaycan Partiyasının Nəsimi rayonu üzrə Azərbaycan Tibb Universiteti ərazi ilk partiya təşkilatının sədri olmuşdur və Nəsimi rayon idarə heyətinin üzvü seçilmişdir. 2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə V.B. Şadlinskiyə "Əməkdar həkim" fəxri adı verilmişdir. 2000- cü ildə o, Rusiya Tibb Elmləri akademiyasının akademiki, 2008-ci ildən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının, 2009-cu ildə Avropa Təbiət Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş və bu akademiyanın Albert Şveytser medalı ilə mükafatlandırılmışdır. Həmçinin 2009-cu ildə V.B.Şadlinski Türkiyə Respublikası Uluslararası Araşdırmalar Akademiyasının üzvü seçilmişdir və həmin akademiyanın qızıl medalına layiq görülmüşdür. V.B.Şadlinski BMT tərəfindən təsis olunmuş “I dərəcəli Hippokrat ordeni” və Hannoverdə beynəlxalq Konqresin təşkilat komitəsi tərəfindən Robert Kox medalı ilə təltif edilmişdir. 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə V.B.Şadlinski Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. O, 2014-cü ildə Rusiya Elmlər Akademiyasının üzvü seçilmişdir. 2020-ci il Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir. V.B.Şadlinski “Anatom, Histoloqlar və Embrioloqlar elmi cəmiyyəti” ictimai birliyinin və 2021-ci ildən Nəsimi Rayon Ağsaqqallar Şurasının sədridir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2022-ci ildə V.B.Şadlinski Prezidentin fərdi təqaüdünə layiq görülmüşdür. 2024-cü ilin dekabrında Qərbi Azərbaycan həqiqətlərinin təbliği sahəsində fərqlənən bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə akademik Vaqif Şadlinski “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişdir.

Mənalı və təkrarolunmaz ömür yoluna nəzər salındıqda belə bir qənaətə gəlmək mümkündür ki, hər bir mərhələ, peşəkar fəaliyyətinin hər bir dövrü V.B.Şadlinskinin zəhməti ilə yanaşı onun özünəməxsus aktiv vətəndaş mövqeyinin, tələbkarlığının, təşkilatçılığının sayəsində ən yüksək səviyyədə yerinə yetirilmiş və etalona çevrilmişdir; bu yolları keçməkdə və ya keçməli olan hər bir şəxs V.B.Şadlinskinin yolunu özünü nümunə götürməli olmuşdur. Bütün əməkdaşlarını və tələbələrini də Vaqif müəllim bu səpkidə öyrətmişdir – işin kiçikliyindən və ya böyüklüyündən asılı olmayaraq bu iş vicdan və məsuliyyətlə yerinə yetirilməli, həmişə də haqqa söykənməlidir. Vaqif Şadlinski Azərbaycanın, ümumən Şərqin tarixində, Şərqlə Qərbin inteqrasiyasında, mədəni, siyasi, ictimai əlaqələrinin qurulmasında əlahiddə rol oynamış, sərkərdələri, sultanları, alimləri, diplomatları ilə salnaməmizdə tarixi portretlərin bütün qalereyasını tuta biləcək Şadlıların nümayəndəsi, bu soykökün parlaq daşıyıcısıdır. Şadlıların döyüşlərdə qazandığı şöhrət tariximizə qızıl hərflərlə yazılmış, onlar elmin, incəsənətin, quruculuğun hamiləri, mənəvi irsin qoruyucuları və müdafiəçisi olmaqla Ulu Azərbaycanın fəxarət yeri, qürur mənbəyi kimi tanınmışlar. Vaqif müəllim bütün bu xüsusiyyətləri, ulu babalarından, əfsanəvi qəhrəman Abbasqulu bəy Şadlinskidən, atası – el ağsaqqalı, müdrik, müəllimlər müəllimi Bilas müəllimdən gələn nuru, igidliyi, mətinliyi özündə birləşdirmiş, ətrafına şəfqət saçmış, məzluma, arxasıza arxa-dayaq olmuş, yolunu azmışa, harınlamışa özünəməxsus surətdə “həyat dərsini” vermişdir. Azərbaycan Tibb Universiteti – məhz bu ali məktəb, bu tədris ocağı akademik V.B.Şadlinskinin həyatının 60 ilindən artıq bir hissəsini bağladığı bir rməkan, onun elmi işlərinin, bu işlərin yerinə yetirilməsi yolunda sərf etdiyi gərgin əməyin, tələbələrinin hörmət və ehtiramının, nəsil-nəsil həkimlərin Vaqif müəllimin pedaqoji süzgəcindən keçib püxtələşərək klinikalarda fəaliyyətə başlamalarının əsas şahididir. Bu Universitet bir sirdaşdır, bir silah yoldaşıdır onun üçün. Bir vaxtlar hərbi xidmətdən yeni qayıtmış gənci öz tələbəsi kimi görmüş Universitet az vaxtda onu fəal ictimaiyyətçi, sonra müəllim, dekan müavini, kafedra müdiri, prorektor vəzifələrində gördü. Hər bir vəzifədə Vaqif müəllim hamıdan çox özünə qarşı tələbkar oldu, bu tələbkarlığı və işgüzarlığı ilə də ətrafındakıları ruhlandırdı, sağlam qüvvələrin sevimlisinə, dayağına, tələbələrinin, həmkarlarının və əməkdaşlarının güvən yerinə çevrildi. Anatomiya Latın dili olmadan özəlliyini itirə bilər, burada bir latın müdrik kəlamı yada düşür: “Amat victoria curam”, yəni qələbə hazırlığı sevir. Akademik V.B.Şadlinski isə hər zaman rəhbərlik etdiyi kollektivindən də, dissertantlarından da hazır vəziyyətdə olmağı tələb edir. Nə olursa, olsun, qarşıya qoyulmuş vəzifələr yerinə yetirilməlidir – mühazirələr yüksək səviyyədə oxunmalı, təcrübə dərslərində tələbə insan əzalarını, bədən hissələrini gözləri ilə görüb, əlləri ilə toxunmalıdır, güzəştə yer yoxdur, çünki onun əsrin dörddə biri qədər rəhbərlik etdiyi kafedrada tibbin əsasını, fundamentini tədris edirlər. Burada güzəşt ölümcül nəticələrə gətirib çıxara bilər – keyfiyyətsiz keçirilmiş dərs, zəif tələbənin formalaşmasına, sonuncu isə zəif, qeyripeşəkar həkimin cəmiyyətə atılmasına səbəb olar. Sonunu isə təsəvvür etmək çətin deyil və çətin olmadığı qədər də qorxuludur. Strateji düşüncə tərzi, kompromissiz qurulan, dünya standartlarına uyğun deyil, bu standartları bir neçə nəsil qabaqlayan tədris prosesi, klassik anatomiyanın ən modern üsullarla üzvi sintezi, multimedia, 3D vasitələrin inamla irəli sürülməsi akademik V.B.Şadlinski üslubunun, dəstxəttinin vizit kartıdır.

Dünyanın bütün qitələrini, əksər ölkələrini elmi ezamiyyətləri zamanı ziyarət etmiş V.B.Şadlinski elmi nitqlərini, tədqiqatları barəsində çıxışları bitirdikdən sonra dincəlməmiş, tədrisin bu və ya digər ölkədəki özəllikləri ilə maraqlanmış, onları dərin təhlil etmişdir. Mənəvi irsə verdiyi dəyəri V.B.Şadlinski ilə sadəcə həmsöhbət olan insan dərhal hiss edir. Onun nitqi tarixi faktlar, atalar sözləri ilə həmişə zəngin olmuşdur. Azərbaycan və dünya tarixinin gözəl mütəxəssisi olması onun anatomluğu ilə çox üzvi surətdə birləşmişdir. Yaratdığı milli antropologiya məktəbinin inkişafı göz önündədir – Vaqif müəllimin sayəsində öz həqiqi təyinatını tapmış tədris muzeyimizdə, həqiqətən də, akademik V.B.Şadlinski tərəfindən “xilas edilmiş”, itirilməkdən qorunmuş qədim dövrləri əhatə edən kəllələr var. Bu kəllələr qədim zamanlardan bütün qitələri bürümüş qəribə bir adətin – kəlləni məqsədli deformasiya etdirməyin izlərini daşıyır. Hər dövrün öz dəbi olmuşdur, amma istənilən halda bunlar tarixdir, eramızdan əvvəli və eramızın ilk dövrlərini əhatə edir. Vaxtilə “məskunlaşdıqları” müəssisədə onları atmaq, tullamaq istəmişdilər. Vaqif müəllim qətiyyətlə bu məsuliyyətsizliyə “yox!” dedi və həmin qiymətli eksponatlar muzeyimizdə öz yerini tapdı. Tarixçilər öz əsərlərində mütləq surətdə bu kəllələrin Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasının muzeyində saxlanıldığını qeyd edir və akademik V.B.Şadlinskiyə tariximizə qoruduğuna görə öz ehtiramlarını bildirirlər. Bu sətirlərin müəllifi də akademik V.B.Şadlinskinin rəhbərliyi altında həmin kəllələr üzərində onların morfogenezini tədqiq etmək şərəfinə nail olmuşdur. Vətənpərvərlik, el-obaya, doğma irsə bağlılıq akademik V.B.Şadlinskinin bütün fəaliyyətinin hər dövrdə qayəsini, strateji xəttini təşkil etmişdir. Hər bir mühazirəni və təcrübə məşğələsini tutarlı dəlillərlə, konkret faktlarla klinika ilə nəzəriyyənin inteqrativ nümunəsinə çevirmək, hər mövzu üzrə bir deyil, bir neçə bilavasitə mövzunu işıqlandıran hadisələr, elmi arqumentlər nümayiş etdirmək – Vaqif müəllimim fitri istedadının nəticəsidir. Kafedra müdiri kimi o, dərslərimizə tez-tez gəlir, tələbələrə suallar verir, tövsiyə və iradlarını bildirdikdən sonra mütləq mövzu ilə bağlı bir elmi faktı özünəməxsus səlis, aydın dildə izah edir, sonra auditoriyanı tərk edrdi. Həqiqətən də, biz, yəni kafedranın əməkdaşları – onun tələbələri və bizim tələbələrimiz, yəni yenə də akademik V.B.Şadlinskinin tələbələri, onu ehtiramla yola saldıqdan sonra auditoriyaya bir anlıq sükut çökürdü. Bu sükut təkcə hörmətin ifadəsi deyildi; hər kəsin daxilindən gələn, akademik V.B.Şadlinski böyüklüyü, onun ensiklopedik bilikləri qarşısında bir heyrət idi. Bir insan, bir alim və müəllim, həyatının çox böyük hissəsini kafedranın və Universitetin mühüm inzibati vəzifələrini – dekan müavini, kafedra müdiri, Həmkarlar İttifaqının sədri, Tədris işləri üzrə prorektor – yerinə yetirmiş şəxsiyyət, nə zaman belə elmi informasiya axınını özünə tabe etdirə bilmişdi? Nə zaman elm, özü də anatomiya kimi ağır elm Vaqif müəllimin qarşısında “üzüyola uşaq” kimi ram olmuşdu? Mənə elə gəlir ki, insanlar bəzən nəticələri görür, bir insanın uğurlarını görür, amma bu uğura gedən yolun əziyyətini duymur, əlbəttə, qəlbi işıqla dolu olanlar “Allah qorusun, maşallah!” söyləyir, xainlər paxıllıqlarından partlayır. Belə paxılların sayı Vaqif müəllimin bütün karyerası boyunca, onun inkişafının yolunda əngəl törətmək üçün ədədi yox, həndəsi silsilə ilə artmışdır. Biz, kafedranın əməkdaşları, bunun canlı şahidləriyik. 

Əlbəttə, Vaqif müəllimin gözəl ailəsi qədər, onun nə əziyyət çəkdiyini bilməsək də, necə deyərlər, çox şeydən məlumatlıyıq. Sadəcə olaraq yubiley məqaləsini Vaqif müəllimin cümləsində bir nöqtə qədər çəkisi olmayanların, onun paxıllarının “xatirəsinə” həsr etmək istəməzdik. Əsas odur ki, elm qalib gəldi, akademik V.B.Şadlinski nəinki özü, onun bütün məktəbi, yaratmış olduğu müasir, modern anato-miya qalib gəldi. Vaqif müəllimin elmi fəaliyyəti davam edir, onun işığına, təhsil ustadının nuruna, inşallah, hələ çox yeni nəsillər yığışacaq və bəhrələnəcəkdir! V.B.Şadlinski hər addımında vətənpərvərdir, yurdsevərdir; onun ictimai fəaliyyəti, deyərdik ki, nəinki ölkəmizdə, ondan çoxçox uzaqlarda tanınır və ehtiramla qarşılanır. Kiçik bir faktı qeyd etmək istəyirəm: 2019- cu ildə Anantomlar Assosiasiyalarının Beynəlxalq Federasiyasının (IFAA) Londondakı qurultayı planlaşdırılmışdı. Deyə bilmərəm, bilərəkdən və ya bilməyərəkdən, lakin akademik V.B.Şadlinskinin yaradıcısı olduğu “Azərbaycan Respublikası Anatom, Histoloq və Embrioloqlar cəmiyyəti” İctimai Birliyinə məlumatı qurultayın təşkilat komitəsindən olduqca gec göndərdilər, yəni hətta adicə bir tezis hazırlamaq üçün əməkdaşlarımızın vaxtı qalmadı, başqa sözlə, süni surətdə biz qurultaydan kənarda qalmalı idik. Mən akademik V.B.Şadlinskidən tapşırıq aldım ki, bilavasitə IFAA prezidenti, xanım Kramerlə əlaqə saxlayım, onun özü ilə danışım. Mən elə də etdim, aldığım cavab məni heyrətləndirdi, ürəyimi fərəhlə və qürurla döyündürdü. Xanım Beverli Kramer mənə yazmışdı: “Akademik Şadlinskiyə çatdırın ki, onun və məktəbinin nümayəndələrinin qurultayda iştirakı bizim üçün şərəfdir”. Qurultaya hazırlıq üçün “Azərbaycan Respublikası Anatom, Histoloq və Embrioloqlar cəmiyyəti” İctimai Birliyinə iki həftə artıq vaxt verildi. Akademik V.B.Şadlinski kafedranı, sözün həqiqi mənasında XX əsrdən XXI əsrə çatdırdı. Bu, təkcə xronoloji fakt deyil; kafedranın və onun muzeyinin sahəsinin genişlən -dirilməsi ilə yanaşı, mühüm, istər tədris, istərsə də elmi aspektləri əhatə etmiş keyfiyyət dəyişiklikləri baş verdi. Kafedrada nizam-intizam gücləndirildi, əməkdaşların və tələbələrin işə və dərsə davamiyyəti nümunəvi səviyyəyə çatdırıldı. Klassik anatomiyanın təşrihə söykəndiyini kafedra iclaslarında dəfələrlə vurğulayan akademik V.B.Şadlinski, mərhum professor K.Ə.Balakişiyevin vaxtından qalma ənənəni – gənc əməkdaşların bir neçə dəfə meyit üzərində təşrihi icra edib, kafedra müdirinə və professor və aparıcı dosentlər qarşısında nümayiş etdirməsini bərpa etdi. Bu ənənələr, əslində, V.B.Şadlinski tərəfindən keyfiyyətcə yeni səviyyəyə qaldırıldı – müəllimlər məsuliyyətin nə olduğunu, bu təşrihlərin sadəcə keçmişə ehtiram xarakteri daşımadığını duydular. Aspirant və baş laborantlar assistent adını almaqdan, yəni müstəqil müəllim kimi auditoriyaya daxil olmaqdan əvvəl, mütləq surətdə kafedra müdirinin başçılığı altında təşkil olunmuş bir komissiyaya imtahan verməli idi. Məsulliyəti çox böyük olan bu proses tez zamanda öz bəhrəsini verdi, kafedrada dərsin səviyyəsi qaldırılaraq dünya standartlarını geridə qoydu. Kafedranın ənənələrinə ehtiramı və hörməti örnək sayılacaq Vaqif müəllim ilk Azərbaycanlı anatom- professor, kafedra müdiri K.Ə.Balakişiyevin büstünün kafedranın girəcəyində qoyulmasına nail oldu, içəri daxil olan tələbə də, qonaq da burada ənənələrin nə qədər yüksək səviyyədə qorunduğunu duyur, hiss edir. Bütün professorların – həyatda olanların da, haqqa qovuşanlarında yubiley tədbirləri kafedrada keçirilmiş, jurnal və toplular çap edilmişdir.

Tədris prosesinə, ümumiyyətlə, Azərbaycanda tibb təhsilinə əvəzolunmaz töhfəsi, akademik V.B.Şadlinskinin rəhbərliyi altında Azərbaycan, rus və ingilis dillərində, hər fakültə üçün ayrıca dərsliklərin tərtibi olmuşdur. Bu dərsliklər hər bir ixtisasın özəlliklərini nəzərə almaqla hazırlanmış, tələbələrin nəinki bü günü, eləcə də gələcəyini nəzərə almışdır. Təsadüfi deyil ki, hansı klinikaya yolunuz düşsə, buradakı həkimlərin masası üstündə akademik V.B.Şadlinskinin rəhbərliyi altında tərtib olunmuş anatomiya kitabını, Şərqdə ilk dəfə nəfis surətdə hazırlanmış “Anatomiya atlası”-nı görəcəksiniz. Kafedra ilə yanaşı, bu dərsliklər və atlas da, Vaqif müəllimim yetirmələridir, qiymətli informasiya daşıyıcıları, bilik məxəzləridir. Bəzən biz tələbələrə obrazlı surətdə deyirik ki, bu dərsliklər sizin övladlarınızın və nəvələrinizin də köməyinə gələcəkdir, onlardan muğayat olun. Kafedranın elmi istiqamətdə inkişaf perspektivlərinin müəyyən edilməsi bilavasitə V.B.Şadlinskinin adı və fəaliyyəti ilə bağlıdır. Məhz Vaqif müəllimin sayəsində Azərbaycan morfologiya elmi dünya səviyyəsində tanınmış və nüfuz qazanmışdır. Onun rəhbərliyi altında müdafiə olunmuş 10- a qədər doktorluq, 20-yə qədər namizədlik dissertasiyaları, hal-hazırda yekunlaşmaq ərə -fəsində olan işlər, yüksək impakt-faktorlu jurnallarda məqalələrin dərc olunması, akademik V.B.Şadlinski məktəbi nümayəndələrinin, elmi rəhbərlərinin tövsiyə və tapşırıqlarını dəqiqliklə yerinə yetirməsinin, bütün sahələrdə olduğu kimi, elm sahəsində də Vaqif müəllimin yaratdığı nizamintizamın, işgüzarlığın nəticəsidir. Həqiqətən də akademik V.B.Şadlinskinin elmi maraq dairəsinin olduqca genişliyi kafedrada yerinə yetirilən işlərin də arealına təsir etmişdir – periferik sinir sisteminin, morfoloji ekzokrinologiya və endokrinologiyanın tədqiqi, antropoloji, antropometrik və kraniometrik tədqiqatların yüksək səviyyədə yerinə yetirilməsi, bu tədqiqatlarda ən müasir üsulların – kompyuter tomoqrafiyasının, maqnitrezonans tomoqrafiyasının, angioqrafiyanın tətbiqi, Vaqif müəllimin yaradıcısı olduğu Azərbaycan modern anatomiyasının hansı addımlarla irəlilədiyinin göstəricisidir. Akademik V.B.Şadlinski, qeyd edildiyi kimi, dəfələrlə ölkəmizi beynəlxalq elmi forumlarda, simpozium və konfranslarda, konqreslərdə təmsil etmiş, Azərbaycan elminin bayrağını daim zirvələrdə saxlamışdır. O, Rusiya Federasiyasında dərc olunan «Морфология» (Sankt-Peterburq), «Архив анатомии и гистопатологии» (Voronej), «Медицинский вестник Башкортостана» (Ufa), eləcə də çox nüfuzlu beynəlxalq «Journal of neuroendocrinology research», «Archiv-Euromedica» və digərlərinin redaksiya heyətlərinin üzvü, Azərbaycan elminin qürurlu qalasıdır. Dünya şöhrətli alimlər – IFAA prezidenti, professor Kramer, IFAA icraçı katibi, professor Diogo Pais, qardaş Türkiyənin bütün anatomları – professorlar Şendemir, Buyukmumcu, Rusiya Federasiyası morfoloji məktəbinin parlaq nümayəndələri, akademik V.V.Kupriyanov, professorlar M.R.Sapin, Y.İ.Denisov-Nikolskiy və başqaları daim akademik V.B.Şadlinskinin elmi mövqeyinə, nüfuzuna yüksək hörmət və ehtiram göstərmişlər. Akademik V.B.Şadlinskinin alimlik fəaliyyəti onun vətəndaşlıq mövqeyi, Azərbaycanımızın ən çətin günlərində düşmənlərə qarşı elmi-intellektual cəbhədə apardığı barışmaz mübarizə ilə çiyin-çiyinə addımlamışdır. Sovetlər dövrünün son illərində, dırnaqarası mərkəzi rəhbərliyin ermənipərəst mövqeyi ilə barışmayan, onunla mübarizəyə atılan vətənpərvər-alim, xalqının gələcəyi üçün gecə-gündüz çalışan müəllim, öz karyerasını, onun üçün təbii ki, yarana bilən problemləri göz önünə alsa da, Vətən eşqi, milli qürur hər şeydən yüksək idi. Vətənpərvər alim qəzet səhifələrində, iclaslarda, mitinqlərdə ermənipərəst rəhbərliyi, Respublikanı idarə edə bilməyən partokratları, sonradan onları əvəzləmiş, lakin heç nəyi ilə onlardan üstün olmayan cəbhə-müsavat təlxəklərini amansızcasına ifşa edirdi. Azərbaycan isə ağır vəziyyətdə idi, torpaqlar əldən gedir, insanlar həlak olur, qaçqınlar ordusu çoxalırdı. “Demokratik” dünyanı bütün bunlar maraqlandırmırdı.

Akademik V.B.Şadlinski gözəl anlayırdı ki, xalqın nicatı, xilaskarı, Heydər Əliyev iqtidara gəlməyincə bu itkilərin sayı-hesabı olmayacaqdır. Ulu Tanrıya şükürlər olsun ki, akademik V.B.Şadlinski kimi milyonlarla vətənpərvərin arzusu ürəyində qalmadı – Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərliyə başladı. Bu illər hamımızın xatirindədir. Akademik V.B.Şadlinski döyüş bölgələrinə, düşmənlə təmas xəttinə dəfələrlə səfərlər etmiş, igid oğullarımızla görüşərək onlarla səmimi söhbətlər etmiş, ağsaqqal öyüdünü-nəsihətini vermişdi. Ulu Öndər Heydər Əliyevin Prezident seçkilərində səlahiyyətli nümayəndə kimi iki dəfə iştirakı zamanı akademik V.B.Şadlinski zəngin həyat təcrübəsini, natiqlik məharətini, tarixi, siyasi biliklərini var-qüvvəsi ilə nüma-yiş etdirdi. O, gözəl Azərbaycanımızın bölgə-lərinə nümayəndə heyətinin tərkibində səfər-lər etdi, el ağsaqqalları, zəhmət adamları, ziyalılarla səmimi görüşlər keçirtdi. Vaqif müəllimin Prezidentin səlahiyyətli nümayəndəsi kimi bölgələrə etdiyi səfərlərdə onun tələbələri – hal-hazırda xalqın etimadını qazanmış həkimlər, öz ustadlarının pişvazına şövqlə çıxmış, onun gözəl, səlis nitqlərini dinləmişdilər. Akademik V.B.Şadlinski o parlaq tarixi günləri belə xatırlayır: “Yadımdadır, 1998-ci ildə Prezident seçkiləri ərəfəsində məni Prezident Aparatına dəvət etdilər. Orada mənə deyildi ki, Ulu Öndər Heydər Əliyev seçkilərdə özü üçün təbliğatçı vəkil kimi məni təklif etmişdir. Mən çox böyük məmnuniyyət hissi ilə razılığımı verdim. Ərizə yazaraq işdən öz hesabıma məzuniyyət götürdüm. Azərbaycanın müxtəlif bölgələrinə etdiyim səfərdə Ulu Öndərə xalq məhəbbətinin, inam və etibarının şahidi olduqca ürəyim qürurla dolurdu. Ulu Öndər bu seçkilərdə inamlı qələbə qazanaraq Azərbaycanımızı gözəl gələcəyə aparmaqda davam etdi.” Bu gün Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etmişdir. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dahi sərkərdə şücaəti, mətin iradəsi nəinki erməni faşizmini, eləcə də onun havadarlarını da diz çökdürmüşdür. Şuşamız, Xankəndimiz, Qubadlımız, Laçınımız bizimdir və hər zaman bizim olacaq. 44 günlük Vətən müharibəsində erməni faşistləri dinc Gəncəni ağır silahlarla atəşə tutanda akademik V.B.Şadlinski bütün dünya anatomlarına çağırış etdi, erməni xislətini dünya anatomları cəmiyyətləri qarşısında ifşa etməyə nail oldu. Şanlı qələbəmizin ilk ildönümündə akademik V.B.Şadlinski Azərbaycan Respublikası Prezidentinə özü və kafedra əməkdaşları adından ünvanladığı müraciətdə qələbə sevincini nə qədər gözəl ifadə etmişdir: “Əziz Prezidentimiz! Bütün dünya ölkələri Sizin kimi bir liderin arzusunda olduğu zaman biz, Azərbaycanın qürurlu vətəndaşları, Sizin rəhbərliyiniz altında uğurla addımlayırıq, bu qüruru bizə Siz ərməğan etdiniz. Qarabağımız, onun ətrafı abadlaşmaqdadır, hər gün, hər həftə yeni xarici şirkətlər buradakı abadlıqda iştirak etmək istədiklərini bildirir. Bütün bunlar onun nəticəsidir ki, hamı Azərbaycanın ərazisinin bütöv, sabit qalacağına əmindir, gözəl ölkəmizdəki əmin-amanlıqdan arxayındır. Bu sabitliyin və əmin-amanlığın qarantı isə Sizsiniz. Əgər kimsə buna şübhə etsə və ya mənfur bir “qisas” fikrinə düşsə, onu “dəmir yumruqla” yeni “görüş” gözləyir. Bütün dünya birdəfəlik olaraq qəbul etmişdir ki, Qarabağ – Azərbaycandır!” Bu gün biz, ərazisi tam bərpa olunmuş, qürurla dünyaya üzümüzü tutan bir millət olaraq dinc quruculuqla məşğuluq. Biz xoşbəxtik ki, qalib ölkənin vətəndaşlarıyıq. Əziz müəllimimiz, akademik Vaqif Şadlinski hər zaman bizdə bu inamı yaşatmışdır, hər zaman vicdanla çalışmağı bizlərə tapşırmışdır. Müəllimimizin bizə tövsiyə etdiyi kimi, Vətənimiz birdir, biz də bu Vətənin övladlarını cəmiyyətə, səhiyyəyə, təbabətin bütün sahələrinə hazırlayırıq. Akademik Vaqif Şadlinskinin bütün sınaqlardan qalib çıxması onun vətənpərvərliyinin, yüksək vətəndaşlıq mövqeyinin, pak düşüncələrinin və xalqına məhəbbətinin təcəssümüdür. 

Ona ad günü, gözəl yubileyi, hər bir Azərbaycan ziyalısı  üçün əziz olan bu gün ərəfəsində cansağlığı, ailə səadəti və uğurlar arzulayırıq! Onun çoxminli tələbələri, həmkarları adından demək istəyirik: çox sağ olun əziz müəllimimiz, Sizinlə birgə çalışmaq, Sizdən öyrənmək bizim üçün fəxr və şərəfdir! Ulu Tanrı Sizi qorusun!

Figures

Keywords

References

Article Info:

Publication history

Published: 15.Jan.2025

Copyright

© 2022-2025. Azerbaijan Medical University. E-Journal is published by "Uptodate in Medicine" health sciences publishing. All rights reserved.

Related Articles

STUDY OF THE EFFECT OF OSTEOPLASTIC MATERIALS ON THE REGENERATION ABILITY OF JAW BONES UNDER EXPERIMENTAL CONDITIONS

Viewed: 23