Abstrakt

Məqalədə Azərbaycanda milli anatomiya məktəbinin banisi professor Kamil Əbdülsalam oğlu Balakişiyevin elmi-pedaqoji irsi araşdırılır. Onun periferik sinir sistemi və sidik-cinsiyyət orqanları ilə bağlı fundamental tədqiqatları, Azərbaycan tibb terminologiyasının inkişafına verdiyi töhfələr və klinik yönümlü anatomiya tədrisinin təkmilləşdirilməsindəki rolu qısa şəkildə təhlil edilir. Professor Balakişiyevin yüksək ixtisaslı tibb mütəxəssislərinin hazırlanmasına və prinsipləri bu gün də aktuallığını qoruyan müasir anatomiya məktəbinin formalaşmasına göstərdiyi əhəmiyyətli təsir xüsusi vurğulanır. Məqalədə həmçinin onun elmi irsinin anatomiya elminin, tibb terminologiyasının və beynəlxalq akademik əməkdaşlığın inkişafına təsiri qeyd olunur.

Əsas mətn

Azərbaycan tibbi-elmi fikrinin inkişafında xüsusi yeri olan milli anatomiya məktəbinin banisi, görkəmli alim və pedaqoq Kamil Balakişiyev ölkəmizdə anatomiya elminin formalaşması və sistemləşməsində müstəsna xidmətlər göstərmiş şəxsiyyətlərdən biridir. Onun elmi fəaliyyəti yalnız anatomiyanın ayrı-ayrı sahələrinin öyrənilməsi ilə məhdudlaşmamış, həm də milli tibbi təhsil modelinin qurulmasına, anatomiyanın tədris metodologiyasının yenilənməsinə və elmi kadrların yetişdirilməsinə dərin təsir göstərmişdir. 2026-cı ildə Kamil Balakişiyevin anadan olmasının 120 illik yubileyi qeyd olunur və bu yubiley Azərbaycan anatomiyasının tarixi inkişaf yolunun yenidən qiymətləndirilməsi üçün mühüm elmi hadisə kimi dəyərləndirilir. Kamil Balakişiyevin yaratdığı anatomiya məktəbi öz dövrü üçün yüksək elmi dəqiqlik, sistemli yanaşma və müasir metodların tətbiqi ilə seçilirdi. O, anatomiya elmini yalnız morfoloji təsvirlərlə məhdudlaşdırmır, onu klinik təfəkkürlə birləşdirərək həkim hazırlığında fundamental baza kimi təqdim edirdi. Bu yanaşma sonrakı onilliklərdə Azərbaycan tibbi təhsilinin əsas istiqamətlərindən birinə çevrilmiş, alimin yetirdiyi mütəxəssislər isə ölkənin müxtəlif tibb sahələrində elmi məktəbin davamçıları kimi fəaliyyət göstərmişlər.

Kamil Balakişiyev 20 sentyabr 1906- cı ildə Bakının Novxanı kəndində dünyaya gəlmişdir. Orta təhsilini ikinci dövlət kişi gimnaziyasında almış, 1921-ci ildə Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olmuşdur. Tələbəlik illərindən elmi araşdırmalara xüsusi maraq göstərən   Balakişiyev ikinci kursdan etibarən insan anatomiyası kafedrasında çalışmış, fitri istedadı və analitik düşüncə qabiliyyəti ilə seçilərək sərbəst məşğələlər aparmaq səlahiyyəti qazanmışdır. Beşinci kurs tələbəsi olarkən o, müəllimi A.İ. Balenkaya ilə birlikdə rus dilində “Osteologiya üzrə praktik məşğələlərə rəhbərlik” adlı dərs vəsaitini hazırlamış və bu əsər 1926-cı ildə çap olunmuşdur. Bu vəsait Azərbaycan anatomiyası tarixində ilk sistemli praktik tədris materiallarından biri hesab olunur. 1930-cu illərin əvvəllərində Balakişiyev Azərbaycan dilində latın qrafıkası ilə bir sıra dərslik və dərs vəsaitləri çap etdirmişdir ki, bu da milli tibbi termino -logiyanın formalaşmasında mühüm rol oynamışdır. 1930-cu ildə elmi-pedaqoji fəaliyyətinə görə privat-dosent elmi adı, 1935-ci ildə dövri mətbuatda çap etdirdiyi sanballı tədqiqatlara görə tibb elmləri namizədi elmi dərəcəsi almışdır. 1936-cı ildə “Sidik kanalı soğanağı (Meri və Kuper) vəziləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Müdafiə ərəfəsində Sankt-Peterburqda altı ay elmi ezamiyyətdə olmuş və tədqiqatları Rusiyanın aparıcı anatomistləri tərəfindən yüksək qiymətləndirilmişdir. 1937-ci ilin avqustunda Azərbaycan Dövlət Tibb İnstitutunun normal anatomiya kafedrasına ilk dəfə milli kadr olaraq rəhbər təyin edilən K.Ə.Balakişiyev bu vəzifəni ömrünün sonuna qədər – 1973-cü ilə qədər böyük uğurla icra etmişdir. O, eyni zamanda 1937–1941-ci illərdə Bakı Dövlət Universitetinin anatomiya kafedrasına, 1938–1940-cı illərdə isə Azərbaycan Pedaqoji İnstitutunun anatomiya və fiziologiya kafedrasına rəhbərlik etmişdir. Bu paralel fəaliyyət onun pedaqoji çevikliyini, təşkilatçılıq bacarığını və elmi liderliyini bir daha təsdiqləyir. Balakişiyevin elmi irsi periferik sinir sisteminin morfo-funksional xüsusiyyətlərinin öyrənilməsi, sidik-cinsiyyət sistemi anatomiyasının tədqiqi və anatomiyanın milli dil və terminologiya ilə tədrisi kimi sahələrdə özünü göstərir. O, bud sinirinin kötükdaxili quruluşunu öyrənməklə Azərbaycanda periferik sinir anatomiyasının elmi əsaslarını qoymuş, sidik kanalı soğanağı vəziləri barədə tədqiqatları ilə bu sahədə yeni elmi yanaşmalar formalaşdırmışdır. Azərbaycan dilində latın qrafikası ilə hazırladığı dərsliklər isə tibbi təhsilin milli bazasının formalaşmasında mühüm rol oynamışdır. O, uzun illər ərzində minlərlə həkim, tədqiqatçı və müəllimin yetişməsində əvəzsiz rol oynamışdır. Onun mühazirələri yüksək elmi dəqiqliyi, anatomiyanın klinik təbabətlə əlaqələndirilməsi ilə seçilirdi. O, həm rus, həm də Azərbaycan dilində mühazirələr oxuyaraq iki dilli tədris mühitinin formalaşmasına töhfə vermişdir. Professor K.Ə. Balakişiyev hər zaman tələbələrə qarşı tələbkarlığı ilə yanaşı həmçinin qayğıkeş olmuşdur.

K.Ə. Balakişiyevin Azərbaycan dilində tibbi terminologiyanın formalaşdırılmasına verdiyi töhfələr milli tibb elminin inkişafında xüsusi əhəmiyyət daşıyır. Onun fəaliyyəti nəticəsində anatomiya, histologiya, fiziologiya və klinik fənlər üzrə terminlərin vahid, elmi cəhətdən əsaslandırılmış Azərbaycan dilində işlənməsi təmin olunmuş, tədris prosesində terminoloji qarışıqlığın aradan qaldırılmasına şərait yaranmışdır. K.Ə. Balakişiyevin yaratdığı terminoloji baza həm ali tibbi təhsilin keyfiyyətini yüksəltmiş, həm də elmi məqalələrin, dərsliklərin və klinik sənədləşmənin Azərbaycan dilində dəqiq və stan   dartlaşdırılmış şəkildə aparılmasına imkan vermişdir. Onun terminoloji yanaşması dilin daxili qanunauyğunluqlarına, anatomiya və klinik tibbin beynəlxalq nomenklatura prinsiplərinə uyğunluğu ilə seçilir və bu, Azərbaycan tibbi dilinin müasir elmi tələblərə uyğunlaşdırılmasında mühüm rol oynayır. Hazırda 1995-ci ildən kafedraya rəhbərlik etmiş akademik V.B. Şadlinskinin ümumi redaksiyası ilə 5 dildə (azərbaycan, latın, türk, rus, ingilis) terminoloji lüğət yenidən işlənmiş və beynəlxalq Terminoloji Komitəyə təqdim olunmuş və komitə tərəfindən qəbul olunaraq yüksək qiymətləndirilmişdir. Professor K.Ə.Balakişiyevin elmi irsi osteologiya, miologiya və splanxologiya üzrə dərsliklər, periferik sinir sistemi anatomiyası üzrə tədqiqat məqalələri, Azərbaycan dilində tibbi terminologiyanın formalaşdırılması və klinik anatomiya ilə fundamental anatomiya arasında əlaqələrin qurulması kimi istiqamətlərdə özünü göstərir. Onun əsərləri bu gün də anatomiyanın tədrisində istifadə olunur və elmi dəyərini qoruyur. Son illər akademik V.B. Şadlinskinin bilavasitə rəhbərliyi kafedra əməkdaşları tərəfindən azərbaycan, rus və ingilis dillərində hər bir fakültənin xüsusiyyətini nəzərə alaraq dərslik və dərs vəsaitləri, anatomik atlas çap olunmuşdur. Professor Balakişiyev həm də bacarıqlı təşkilatçı, qayğıkeş pedaqoq və yüksək intellekt sahibi kimi tanınırdı. O, tələbələrinə qarşı tələbkar olsa da, onların elmi inkişafı üçün hər zaman şərait yaradırdı. Onun fəaliyyəti dövlət səviyyəsində də yüksək qiymətləndirilmiş və o, əməkdar elm xadimi adına layiq görülmüşdür. Kamil Balakişiyev 22 noyabr 1973- cü ildə vəfat etmiş və II Fəxri Xiyabanda dəfn olunmuşdur. Bu, onun Azərbaycan elminə verdiyi misilsiz xidmətlərin dövlət tərəfindən yüksək qiymətləndirilməsinin göstəricisidir. Akademik V.B. Şadlinskinin təşəbbüsü ilə kafedra əməkdaşları onun qəbirini vaxtaşırı ziyarət edirlər. Kafedranın girişində, onun büstü qarşısında əklil qoyulub və əməkdaşlar, tələbələr, kafedraya gələn xarici qonaqlar büstün qarşısında xatirə şəkilləri çəkdirirlər.

Müasir dövrdə Kamil Balakişiyevin elmi irsi anatomiya elminin inkişafında fundamental baza olaraq qalmaqda davam edir. Onun yaratdığı milli anatomiya məktəbi bu gün yeni texnologiyalar, rəqəmsal tədris platformaları, 3D vizualizasiya və klinik anatomiya yanaşmaları ilə zənginləşdirilərək daha geniş miqyasda tətbiq olunur. Balakişiyevin tədris prinsipləri – sistemlilik, morfoloji dəqiqlik, latın terminologiyasının sabit istifadəsi və anatomiya biliklərinin klinik praktikaya inteqrasiyası – müasir tibbi təhsilin əsas metodoloji xəttini təşkil edir. Onun yetişdirdiyi alimlərin və onların davamçılarının fəaliyyəti nəticəsində anatomiya, histologiya və embriologiya sahələrində aparılan tədqiqatlar genişlənmiş, yeni dərsliklər, atlaslar və tədris proqramları hazırlanmışdır. Molekulyar anatomiya, funksional morfologiya, neyroanatomiya və biotexnoloji tətbiqlər kimi müasir istiqamətlər Balakişiyevin elmi məktəbinin prinsiplərinə söykənərək inkişaf edir. Hal-hazırda Azərbaycan Tibb Univer -sitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrası beynəlxalq müqavilələr vasitəsilə anatomiya və tibbi terminologiyanın tədrisi, elmi-tədqiqatların aparılması sahələrində bir çox nüfuzlu elmi-tədris müəssisələri ilə geniş əlaqələr qurmuşdur. Belə əlaqələr nəticəsində İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Univer-  siteti, Xarkov Tibb Universiteti, Saratov “Reaviz” Tibb Universiteti, Gürcüstan Tibb Universiteti, Türkiyə universitetlərinin tibb fakültələri ilə olan elmi əməkdaşlıq müqavilələri bağlanmışdır. Bu müqavilələr kafedranın beynəlxalq akade-mik şəbəkəyə inteqrasiyasını gücləndirmiş, elmi əməkdaşlıq imkanları yaratmışdır. Nəticə etibarilə, kafedranın beynəlxalq müqavilələri tibbi təhsilin keyfiyyətini yüksəltmək, elmi tədqiqatların miqyasını genişləndirmək və beynəlxalq standartlara uyğun mütəxəssis hazırlığını təmin etmək baxımından strateji əhəmiyyət daşıyır. Beləliklə, professor Kamil Balakişiyev Azərbaycan tibb elminin inkişafında silinməz iz qoymuş şəxsiyyətlərdən biridir. Onun elmi anatomiyanın banisi kimi fəaliyyəti, milli tibbi terminologiyanın formalaşdırılması, periferik sinir sisteminin tədqiqində apardığı fundamental araşdırmalar və uzun illər ərzində minlərlə həkim və alim yetişdirməsi Azərbaycan tibbinin tarixində mühüm mərhələ təşkil edir. Bu gün ölkədə anatomiyanın tədrisi və elmi araşdırmalar Balakişiyevin yaratdığı məktəbin üzərində qurulmuşdur. Onun irsi həm elmi, həm də pedaqoji baxımdan əvəzolunmazdır və gələcək nəsillər üçün nümunə olaraq qalmaqdadır.

Şəkillər

Açar sözlər

İstinadlar

Məqalə barədə təfərrüatlar:

Nəşr tarixçəsi

Dərc edilib: 01.Oct.2026

Müəllif hüququ

© 2022-2026. Nəzəri, Klinik və Eksperimental Morfologiya Jurnalı. Jurnalın elektron versiyası "Uptodate in Medicine" tibb nəşriyyatı tərəfindən dərc olunur. Bütün hüquqlar qorunur.

Əlaqəli məqalələr

HELİKOBAKTERİOZ: ETİOPATOGENEZİ VƏ MÜALİCƏ PRİNSİPLƏRİNƏ DAİR

Baxılıb: 19