Abstrakt

Müasir dövrdə insanlar ağız boşluğunun gigiyenik vəziyyətinə daha çox diqqət yetirməyə çalışırlar. Ağız boşluğunun həzm sisteminin başlanğıcı, insanın nitqində böyük rolu olan, bütün daxili orqanların qapısı olduğunu nəzərə alsaq, onun nə qədər praktik əhəmiyyət kəsb etdiyini başa düşmək asan olar. Belə bir halda ağız boşluğunun gigiyenik vəziyyətinin hansı dəyişikliklər yarada biləcəyini nəzərə almaq vacibdir. Stomatoloji müayinədən əvvəl ağız boşluğunun gigiyenik vəziyyətini yoxladıqda, müayinə və müalicə bitdikdən sonra yenidən yoxlayanda, hansı dərəcədə dəyişikliklər getdiyini görmək asandır. Parodontun iltihabi xəstəlikləri zamanı ağız boşluğunda iltihabın əlamətləri olduğu üçün gigiyenik vəziyyət çox vaxt qeyri-qənaətbəxş olur. Parodontun xəstəlikləri müasir stomatologiyanın problemlərindən biridir. Bu onunla bağlıdır ki, parodontun xəstəlikləri dünyada çox geniş yayılmışdır, xəstəliyin etiologiyası və müalicə-profilaktik aspektlərinin öyrənilməsində müəyyən çatışmazlıqların olduğu diqqəti cəlb edir. Nəzərə almaq lazımdır ki, parodont xəstəlikləri dişlərin vaxtından tez itirilməsinə, diş-çənə deformasiyalarının inkişafına, diş-çənə sisteminin funksional pozğunluqlarına, daxili orqan xəstəliklərinin yaranmasına və bu dəyişikliklərin nəticəsində orqanizmin sensibilizasiyasına gətirib çıxara bilər. Bundan başqa, ağız boşluğu insan üçün qidanın çeynənməsindən əlavə, böyük estetik funksiya daşıyır. Belə ki, parodont xəstəliklərində estetik göstəricilərin dəyişilməsi xəstənin psixoloji durumunda müəyyən dəyişikliklərə səbəb olur.

Əsas mətn

Tədqiqatın məqsədini parodontun xəstəliklərinin müxtəlif mərhələlərində ağız boşluğunun stomatoloji vəziyyətinin klinik göstəricilərinin qiymətləndirilməsi və müalicə-profılaktik tədbirlərinin effektivliyinin artırılması təşkil edir.

Tədqiqatın materialı və metodları. Klinik stomatoloji tədqiqatlara yeniyetmələr cəlb edilmişdir. Onlardan 66 nəfər parodont xəstəlikləri ilə və 20 nəfər intakt parodontla (nəzarət qrupu) müayinə olunmuşdur. Klinik müayinələr ümumi qəbul olunmuş qaydalarla aparılmışdır. Müayinə olunanlar 3 qrupa bölünmüşdür: nəzarət qrupu, 1-ci qrup və 2-ci qrup. Nəzarət qrupunda 20 nəfər sağlam parodontlu yeniyetmə, 1-ci qrupda 23 nəfər olmuş, 2-ci qrupda 43 nəfər iştirak etmişdir.

Müayinə zamanı 12 yaşlılarda sağlam parodont və qanaxma 15 yaşlılara nisbətən çox, diş daşları isə az olmuşdur. Belə bir nəticəyə gəlmək olar ki, kiçik yaşlarda profilaktik tədbirlərin həyata keçirilməsi parodont xəstəliklərinin kompleks müalicəsinə kömək edir.

Parodont xəstəlikləri zamanı tətbiq edilən kompleks müalicənin nəticələrini qiymətləndirmək üçün, parodont xəstəliklərinin yayılması, intensivliyi, stomatoloji yardıma ehtiyacını öyrənmək məqsədilə ÜST-nin tövsiyə etdiyi parodont xəstəliklərinin müalicəsinə ehtiyac indeksi CPİTN istifadə edilmişdir.

Parodont xəstəliklərinin müxtəlif mərhələlərində ağız boşluğunda aparılan kompleks müalicənin tətbiqinin səmərəliliyini qiymətləndirmək üçün qarışıq ağız suyunda lizosimin (%)-lə kəmiyyət göstəriciləri təyin edilmişdir. Qarışıq ağız suyunda lizosimin aktivliyi V.Q.Dorofeyçuk tərəfindən təklif olunan nefelometrik üsulla müəyyən olunmuşdur.

Müalicəyə başlamazdan əvvəl əmək və məişət şəraiti, peşə, zərərli vərdişlər, qidalanmanın xarakteri, irsiyyət, keçirilmiş xəstəliklər, allergik status, ağız boşluğuna gigiyenik qulluq haqqında biliklər müəyyən edilmişdir.

Tədqiqatın nəticələri və müzakirəsi. Müxtəlif dərəcəli parodont xəstəliklərinin yayılma və intensivliyini təyin edərkən 12 yaş qrupunda 23 nəfər müayinə olunmuşdur. Bunlardan 20,36,44% sağlam parodont, 29,6±7,15% qanaxma, 40,2±7,57% diş daşları aşkar edilmişdir. 15 yaş qrupunda müayinə olunan 43 nəfərin 12,9±4,60% sağlam parodont, 24,0±5,59% qanaxma, 53,1±6,23% diş daşları aşkar edilmişdir.

Ümumilikdə 86 nəfərdən ibarət müayinə olunanlar arasında 10,9±3,80% sağlam parodont, 23,2±4,42% qanaxma, 45,9±4,85% diş daşları müəyyən edilmişdir.

Intensivlik göstəricisinə gəldikdə, sağlam parodont və qanaxma 12 yaşlılarda 15 yaşlılara nisbətən çox, diş daşları isə az olmuşdur. Parodontoloji yardıma ehtiyacı olanlara nəzər saldıqda aydın olur ki, 12 yaş qrupunda gigiyenik təlimə ehtiyacı olanlar 15 yaş qrupuna nisbətən çox, parodontoloji yardıma və diş daşlarının təmizlənməsinə ehtiyacı olanlar 15 yaş qrupuna nisbətən azdır. Beləliklə, belə bir nəticəyə gəlmək olar ki, erkən yaşlarda profilaktik təlim və tədbirlərin həyata keçirilməsi parodont xəstəliklərinin kompleks müalicəsində əhəmiyyətlidir.

Parodont xəstəlikləri, gingivit, yüngül dərəcəli parodontit, orta dərəcəli parodontitli xəstələrdə kompleks müalicənin səmərəliliyini qiymətləndirmək üçün qarışıq ağız suyunda lizosimin aktivliyinin kəmiyyət göstəricilərini təyin etdik. Bu göstəricilər hər üç qrup xəstələrdə kompleks müalicədən əvvəl, sonra və bir ay müddətdən sonra müəyyən olunmuşdur.

Qarışıq ağız suyunda lizosimin aktivliyi müayinə olunan parodont xəstəliyi olan 12 yaşlılarda 23 nəfərdə, 15 yaşlılarda 43 nəfərdə və 20 nəfərdə intakt parodontla (nəzarət qrupu) müəyyən edilmişdir.

12 yaş qrupunda olan 9 nəfər gingivitli xəstələrdə göstərici müalicədən əvvəl aşağı olmuşdur 29,3±0,82%. Nəzarət qrupunda isə 47,0±0,79% olmuşdur. Müalicədən 10 gün sonra sözügedən xəstəlik kəskin artaraq 40,5±1,30% səviyyəyə çatmışdır (P1<0,01), bir aydan sonra cüzi artma 41,5±1,18% (P1<0,01) qeydə alınmışdır. Bu da parodontun iltihabi xəstəlikləri zamanı ağız boşluğunun gigiyena qaydalarına düzgün riayət olunduğunu göstərir.

Yüngül dərəcəli parodontit olan 10 nəfər 12 yaşlı xəstələrdə əvvəl 30,5±0,66%, kompleks müalicədən 10 gün sonra bu göstərici qalxaraq 41,3±1,07% olmuşdur (p1<0,01). 1 ay sonra isə müvafiq olaraq 42,1±1,04% qeydə alınmışdır (p1<0,01).

Orta dərəcəli parodontit diaqnozlu 4 xəstədə heç bir müalicə proseduru yerinə yetirmədən yoxladıqda 31,0±0,93% olmuşdur. Ağız boşluğunun kompleks müalicə tədbirləri yerinə yetirildikdən sonra yüksələrək 40,8±1,46% qeydə alınmışdır (p1<0,01). Bir aydan sonra cüzi artaraq 41,7±1,24% olmuşdur (p1<0,01).

Gingivit, yüngül dərəcəli parodontit, orta dərəcəli parodontit olan hər üç qrupda əvvəlki göstəricilər aşağı olmuşdur. Kompleks müalicə tədbirlərini yerinə yetirildikdən 10 gün sonra həm gingivit, həm yüngül dərəcəli parodontit, həm də orta dərəcəli parodontit xəstələrinin hamısının göstəriciləri yüksələrək xeyli normallaşmağa doğru dəyişmişdir.

Müalicədən əvvəl olan göstəriciyə nəzərən statistik dürüstdür. 1 ay sonrakı göstəricilərdə həm gingivit, həm yüngül, həm də orta dərəcəli parodontit olan xəstələrdə cüzi artma müşahidə olunmuşdur.

Yekun. Apardığımız klinik müayinələrin nəticələrinə əsaslanaraq belə qənaətə gəlmək olar ki, vaxtında və xəstəliyin ilkin dövründə həkimə müraciət etmək vacibdir. Parodont xəstəlikləri zamanı ağız boşluğunun fərdi gigiyenasının düzgün və vaxtında aparılması, erkən dövrdə və xəstəliyin başlanğıc mərhələsində həkimə müraciət etmək, aparılan müalicənin effektivliyinin artırılmasına kömək edir.

Kompleks müalicəni erkən dövrdə aparmaq daha yaxşı nəticə əldə etməyə və ağız boşluğunun gigiyenik vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa gətirib çıxarır.

Beləliklə, gənc yaşlarda parodont xəstəliklərinin xroniki hala keçməsinin qarşısını almaq məqsədilə klinik göstəricilərin dəyişməsi, fərdi psixoloji motivasiya və gigiyena tədbirlərinin rolunu qiymətləndirmək vacibdir.

Şəkillər

Açar sözlər

İstinadlar

1. Борзикова Н.С. Анализ содержания маркеров воспаления в ротовой жидкости больных хроническим генерализованным пародонтитом // – Москва: Российская стоматология, – 2014, №2, –с.57-59

2. Ревазова З.Э., Вагнер В.Д. Использование врачами-стоматологами различных методов лечения заболеваний пародонта // – Санкт-Петербург Научно-практический журнал Институт Стоматологии: – 2013, №4, – с.14-19

3. Krohn-Dale I., Er YAG laser in the treatment of periodontal sites with recurring chronic inflammation: a 12-month randomized, controlled clinical trial / I.Krohn-Dale, O.Boe, M.Enersen [et al/] // J Clin Periodontol., – 2012, – 39(8), p. 745-752. doi: https://doi.org/10.1111/j.1600051X.2012.01912.x.

4. Won Y.S., Association of internal exposure of cadmium and lead with periodontal disease: a study of the Fourth Korean National Health and Nutrition Examination Survey / Y.S.Won, J.H.Kim, Y.S.Kim [et al/] // J Clin Periodontol. – 2013, Feb;40(2), – p.118-124. doi: https://doi.org/10.1111/jcpe.12033

5. Carallo C. Common carotid and brachial artery hemodynamic alterations in periodontal disease / C.Carallo M.S.De Franceschi, C.Tripolino [et al/ // J Clin Periodontol. – 2013, May;40(5). – p. :431-436. doi: https://doi.org/10.1111/jcpe.12099.

6. Houshmand M. Refining definitions of periodontal disease and caries for prediction models of incident tooth loss / M.Houshmand, B.Holtfreter, M.H.Berg [et al.] // J Clin Periodontol – 2012 Jul;39(7): – p. 635-644. doi: https://doi.org/10.1111/j.1600-051X.2012.01892.x.

7. Tran T.D. Assessment of partial-mouth periodontal examination protocols for periodontitis surveillance / T.D.Tran , İ.Gay Du X.L. [et al.] // J Clin Periodontol – 2014, Sep;41(9): – p. 846-852. doi: https://doi.org/10.1111/jcpe.12285

8. Mdala İ., Comparing clinical attachment level and pocket depth for predicting periodontal disease progression in healthy sites of patients with chronic periodontitis using multi-state Markov models / İ.Mdala, İ.Olsen, A.D.Haffajee [et al.] // J Clin Periodontol. – 2014, Sep;41(9): – p. 837-845. doi: https://doi.org/10.1111/jcpe.12278.

9. Boisnic S. Anti-inflammatory effect of enoxolone in an ex-vivo human gingival mucosa model: / S.Boisnic, L.Ben Slama, M.C.Branchet-Gumila [et al.] // Rev Stomatol Chir Maxillofac –2010 Apr;111(2): – p 69-73. doi: https://doi.org/10.1016/j.stomax.2010.02.005

10. Vandilson P.R. Periodontal status and serum biomarkers levels in haemodialysis patients / P.R.Vandilson, A.L.Silvana, F.l.Lopes [et al.] // J Clin Periodontol, – 2014, Sep;41(9): – p. 862-868. doi: https://doi.org/10.1111/jcpe.12283.

11. Bland P.S. Association of antimicrobial and clinical efficacy: periodontitis therapy with minocycline microspheres / P.S.Bland, J.M.Goodson, J.C.Gunsolley [et al.] // J Int Acad Periodontol, 2010, Jan;12(1): – p. 11-19.

12. Wu X., Weng H., Lin X. Self-reported questionnaire for surveillance of periodontitis in Chinese patients from a prosthodontic clinic: a validation study // J Clin Periodontol. 2013, Jun;40(6): – p. 616-623. doi: https://doi.org/10.1111/jcpe.12103

Məqalə barədə təfərrüatlar:

Nəşr tarixçəsi

Dərc edilib: 24.Dec.2025

Müəllif hüququ

© 2018-2025. Azərbaycan Anatomlar, Embrioloqlar və Histoloqlar Cəmiyyətinin rəsmi nəşri. Jurnal "Uptodate in Medicine" tibb nəşriyyatı tərəfindən dərc olunur. Bütün hüquqlar qorunur.

Əlaqəli məqalələr

SİKLOFOSFAMİD VƏ DOKSORUBİSİNİN DİŞİ AĞ SİÇOVULLARIN REPRODUKTİV FUNKSİYASINA TƏSİRİNİN TƏDQİQİ

Baxılıb: 143