Abstract
The article is dedicated to the 85th anniversary of the Cavalier of the Order of Glory, Honored Scientist, Personal Pensioner of the President of the Republic of Azerbaijan, Academician of the Turkic World Studies International Academy of Sciences and the Russian Academy of Sciences, Doctor of Medical Sciences, Professor Vagif Bilas oglu Shadlinski. The activities of Academician V.B. Shadlinski, the founder and organizer of modern anatomy in Azerbaijan, a prominent personality in world morphology, and a patriot of his motherland, are described.
Full article
Hər bir insanın mənəvi dəyəri, aliliyi onun soy kökü və təbiətin bəxş etdiyi istedadın nəticəsi kimi özünü biruzə verir. Xoşbəxt o insandır ki, onu zirvələrə aparan doğru yolu seçə bilir, bu yolda mübariz və inadkar olur. İkiqat xoşbəxtlik isə odur ki, sənin açdığın cığırlar bir çoxları üçün həyat yoluna çevrilir və daha yüksək zirvəri fəth etməyə istək və zövq yaradır.
Belə nadir insanlar sırasında bu günlər 85 yaşını qeyd etdiyimiz Vaqif Bilas oğlu Şadlinskinin özünəməxsus yeri vardır. Bu gün mənim üçün dərin minnətdarlıq və heyranlıq hissi ilə doludur. Vaqif Bilas oğlu Şadlinski yalnız görkəmli alim və anatom deyil, həm də təhsil və elmə verdiyi töhfələri ilə dəyərləndirilən bir şəxsiyyətdir. Elm və təhsil sahəsindəki ilk addımlarımı onun həssas rəhbərliyi altında atmışam. İlk dəfə Vaqif Müəllimi tanıdığım zaman, onun elmə və tələbələrinə dərin bağlılığı məni heyran etdi. Onun morfologiya, anatomiya sahəsinə sevgisi mənə ilk günlərdən ilham verdi. O, mənə hər tədqiqatda anatomiyanın yalnız məlumat toplusu deyil, həm də insan orqanizminin və onun mürəkkəbliyinin açarı olduğunu görməyi öyrətdi.
O, həmişə tələbələrə diqqətlə yanaşması və tələbkarlığı ilə seçilirdi və inanırdı ki, hər bir tələbə yetərincə səy və zəhmət göstərsə, zirvələri fəth edə bilər. Onun rəhbərliyi altında mən yalnız anatomiya nəzəriyyəsini mənimsəmədim, həm də qiymətli praktiki təcrübə qazandım. Onun dərsləri həmişə zəngin elmi təcrübəsindən maraqlı hekayələrlə dolu idi ki, bu da təhsili canlı və maraqlı edirdi.
1995-ci ildə kafedra müdiri kimi fəaliyyətə başladığı ilk günlər o, müəllim və bir qrup tələbə ilə Azərbaycan milli anatomiyasının əsasını qoyan professor K.Ə.Balakişiyevin və elmi rəhbəri olduğu, uzun müddət kafedraya rəhbərlik etmiş prof. G.A.Hacıyevin qəbirlərinin ziyarət etdi və bunu hər il davam etdirilən ənənəyə çevirdi. Kafedranın və ayrı-ayrı illərdə ona rəhbərlik etmiş (professor G.A.Hacıyev, professor M.S.Abdullayev, prof R.Ə.Əskərov) alimlərin yubileyləri təntənəli keçirildi, müvafiq elmi toplular nəşr edildi. Kafedranın girəcəyində kafedraya rəhbərlik etmiş insanların şəkilləri, və hər il önündə kafedra əməkdaşlarının və gələn qonaqların önündə şəkil çəkdirlikləri prof. K.Ə.Balakişiyevin büstü yerləşdirildi.
Akademik Şadlinski bu gün də davam etdirilən kafedra ənənələrini qoruyub saxladı və onun müasir dövrün tələblərinə uyğunlaşdırdı. Böyüyə, özündən öndə gələn yaşlı insana hörmət onun özünü ucaltdı. Bu gün Vaqif Müəllim yeni – modern anatomiyanın banisi hesab edilir. Kafedranın muzeyləri, meyitxana, tədris üçün bütün vəsaitlərlə təmin olunmuş dərs otaqları onun bilavasitə yaradıcılığının və zövqünün bəhrəsidir. Kafedranın uzun dəhlizlərində yerləşdirilən bitkilər onu gözəl bir məkana çevirdi.
Akademik, əməkdar elm xadimi, tibb elmləri doktoru V.B.Şadlinski çoxsaylı elmi məqalələr dərc etdirmiş, beynəlxalq konfranslarda iştirak etmiş, müxtəlif elmi forumlarda seksiyaların işinə rəhbərlik etmişdir və təcrübəsini dünya üzrə həmkarları ilə bölüşmüşdür. Onun zəhməti beynəlxalq səviyyədə qiymətləndirilib və onun adı peşəkarlıq və dərin biliklərin simvolu olmuşdur. O, Rusiya Federasiyası Elmlər Akademiyasının, Avropa Təbiət Elmləri Akademiyası və Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının akademiki, Avropa Patoloqlar Cəmiyyəti İdarə Heyətinin, Nyu-York Akademiyasının üzvü, Azərbaycan “Anatom, Histoloq və Embrioloqlar Elmi Cəmiyyəti” İctimai Birliyinin və ATUnun morfoloji elmlər üzrə FD 2.08 Dissertasiya şurasının sədri, Azərbaycan Respublikası “Nəzəri, Kliniki və Eksperimental Mor -fologiya” jurnalının baş redaktoru, Bazeldə, Yaponiyada Almaniyada, Rusiya Federasiyasında (Moskva, Sankt-Peterburq, Voronej), eləcə də bir sıra digər jurnalların redaksiya şuralarının üzvüdür. Onun yazdığı dərsliklər, unikal atlaslar, müxtəlif dərs vəsaitləri bu gün tələbə və müəllimlər üçün əvəzolunmaz bilik mənbəyidir. Məhz onun təşəbbüsü və bilavasitə iştirakı ilə ilk dəfə azərbaycan, latın, rus, türk və ingilis dillərində Terminologiya hazırlanmış və Beynəlxalq Terminoloji Komitə tərəfindən yüksək dəyərləndirilmişdir.
Vaqif Müəllim Azərbaycanın tarixinə, Azərbaycan ədəbiyyatına dair yüksək ixtisaslı tarixçi və ədəbiyyatşünas səviyyəsində biliklərə malikdir.O, Azərbaycan tarixində xüsusi rol oynamış Şadlılar soyunun tarixinə dair bir sıra tarixi elmi araşdırmalara əsaslanan kitabların müəllifidir. Onunla aparılan hər bir söhbət olduqca maraqlı olur, insan daima daxilən zənginləşir.
Lakin V.B.Şadlinskini yalnız elmi nailiyyətləri, elmi bilikləri, dünyagörüşü xüsusi etmir. Onun insanı keyfiyyətləri həmişə məni heyran edib. O, istər müəllim, istər tələbə və ümumiyyətlə hər bir insan üçün, onun problemlərini eşitməyə vaxt tapır, məsləhət və dəstəyini əsirgəmir. Onun mərhəməti və insanlara diqqəti onu həqiqi bir nümunə halına gətirmişdir. Vaqif Bilas oğlu Şadlinski mənə yalnız yaxşı alim deyil, həm də ləyaqətli insan olmağı öyrətmişdir.
Bu yubiley günündə mən El Ağsaqqalı, Böyük İnsan, Dəyərli Alim, Müəllimim Vaqif Bilas oğlu Şadlinskiyə dərin minnətdarlığımı və hörmətimi bildirmək istəyirəm. Onun elmə və təhsilə verdiyi töhfələri dəyərincə qiymətləndirmək mümkün deyil.
Mən fəxr edirəm ki, onun tələbəsi olmuş və onun bilik və təcrübəsini müəyyən dərəcədə mənimsəmişəm. Ulu Tanrı bu günləri sevinclə, xoşbəxtliklə dolu etsin, gələcək illər isə yeni uğurlar və nailiyyətlərlə zəngin olsun. Akademik, “Şöhrət” ordenli Vaqif Bilas oğlu Şadlinski – mənim həyatımda və karyeramda silinməz iz buraxan bir şəxsiyyətdir, və bu gün də mənim həyatımda əsas dayaqdır. Onun nümunəsi mənim üçün həmişə ilham və yeni zirvələrə can atmaq üçün bir mənbə olacaq.
Ad gününüz mübarək, dəyərli Müəllim! Sağlamlığınız möhkəm olsun, hər yeni gün Sizə yalnız sevinc və gördüyünüz işlərdən məmnunluq gətirsin.
Figures
Keywords
References
Article Info:
Publication history
Published: 15.Jan.2025
Copyright
© 2022-2025. Azerbaijan Medical University. E-Journal is published by "Uptodate in Medicine" health sciences publishing. All rights reserved.Related Articles
RESULTS OF THE STUDY OF SYNCYTIAL CONNECTIONS BETWEEN NEUROCIES OF GANGLİONS OF LARGE İNTESTİNE
Viewed: 21


