Abstract

Cerebrovascular diseases are associated with severe complications and high mortality rates, highlighting the importance of the timely identification of developmental defects and anatomical variations that may contribute to their occurrence. Variations in the origin, diameter, and level of entry of the vertebral arteries into the transverse foramina, as well as anatomical variants and anomalies of the prevertebral and transverse segments of the vertebral artery, are of particular clinical significance during surgical and endovascular interventions in the cervical spine. If not identified preoperatively, these variations may increase the risk of vascular injury. Therefore, the aim of the present study was to determine the morphological variations of the transverse foramina of the seventh cervical vertebra, as well as the prevalence, localization, and morphometric characteristics of additional transverse foramina. For this purpose, 72 seventh cervical vertebrae from adult individuals obtained from the osteological collection of the Department of Human Anatomy and Medical Terminology of Azerbaijan Medical University were examined. Data obtained from sagittal and transverse measurements of the main and additional transverse foramina were analyzed using SPSS software version 26. Comparisons of the dimensions of the right and left transverse foramina and additional transverse foramina of the seventh cervical vertebra were performed using the Mann–Whitney U test. The results demonstrated that the additional transverse foramina were consistently smaller than the main transverse foramina and were predominantly unilateral, whereas bilateral occurrence was observed only rarely. Knowledge of these anatomical variations is important for cervical spine surgery, radiological evaluation, and procedures involving the vertebral artery.

Full article

Giriş. Müasir dövrdə beyin-damar xəstəliklərinin yayılması, baş nahiyəsi cərrahiyyəsinin inkişafı, beyin qidalanması pozğunluqları, əlaqədar ağırlaşmalar və yüksək ölüm göstəriciləri buna səbəb olan anatomik və hemodinamik amillərin, kəllənin müxtəlif strukturlarının daha dərindən öyrənilməsinin vacibliyini göstərir [1,2,3,4]. Onurğa arteriyasının kəlləxarici hissəsində, arteriyanın sümük kanalının formalaşmasında iştirak edən ayrı-ayrı fəqərələrin morfologiyası bu baxımdan mühüm rola malikdir [5,6]. Onurğa arteriyası gedişi boyunca olan ikinci və ya köndələn çıxıntı seqmentində boyun fəqərələrinin köndələn çıxıntı dəliklərindən keçir. Onurğa arteriyasının variantları, xüsusilə inkişaf anomaliyası, boyun fəqərələrinin köndələn çıxıntı dəliklərinə qeyri-tipik daxilolma və II seqmentin gediş anomaliyaları ilə xarakterizə olunan hallar, anatomik baxımdan müxtəlif formalarda aşkarlanır və mühüm klinik əhəmiyyət daşıyır. Osteoloji, meyit və görüntüləmə üsullarına əsaslanan tədqiqatlar göstərmişdir ki, bu variantlar çox vaxt köndələn dəliyin və ona bitişik sümük strukturlarının morfoloji dəyişiklikləri ilə birlikdə müşahidə olunur ki, bu da cərrahi müdaxilələr zamanı təhlükəsiz əməliyyat sahəsinin daralmasına səbəb ola bilər. Vacib məqamlardan biri ondan ibarətdir ki, onurğa arteriyası və onun gedişi variantlarının klinik əhəmiyyəti bütün hallarda eyni deyil [5,6,7]. Normada əksər halda hər bir onurğa  arteriyası körpücükaltı arteriyadan başlanır və C6–C1 boyun fəqərələrinin köndələn çıxıntı dəliklərindən keçərək böyük ənsə dəliyi vasitəsilə kəllə boşluğuna daxil olur və burada arteriyanın hemodinamikası həmin dəliklərin ölçü, forma və say variantları ilə sıx əlaqədardır [6,7]. Belə ki, köndələn çıxıntı dəliklərinin müxtəlif variantları keçən onurğa arteriyasının damar hemodinamikasını dəyişdirərək patoloji vəziyyətlərə səbəb ola bilər [7]. Ədəbiyyat  məlumatlarına görə onurğa arteriyasının mənşəyi, diametri və köndələn çıxıntı dəliklərə daxilolma səviyyəsində fərqlərə görə, xüsusilə I və II ya onurğaönü və köndələn çıxıntı seqmentlərində əhəmiyyətli anatomik variantlar müşahidə oluna bilər [9,10]. 

Bu variantlar onurğanın boynun şöbəsində cərrahi və endovaskulyar müdaxilələr zamanı xüsusi klinik əhəmiyyət daşıyır və əvvəlcədən müəyyən edilməmiş inkişaf qüsurları damar zədələnmələrinə səbəb ola bilər [8]. 

Tədqiqatın məqsədi insanın yeddinci boyun fəqərəsində köndələn çıxıntı dəliyinin variantlarının, xüsusilə əlavə köndələn çıxıntı dəliklərinin rastgəlmə tezliyini, yerləşməsini və morfometrik xüsusiyyətlərini öyrənmək olmuşdur.

Tədqiqatın material və metodları. Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasının sümük kolleksiyasından götürülmüş 72 yeddinci boyun fəqərəsinin köndələn çıxıntı dəliyi tədqiq edildi. Bütün nümunələr əsas və əlavə köndələn çıxıntı dəliklərin mövcudluğunu və morfoloji xüsusiyyətlərini müəyyən etmək məqsədilə təhlil edildi. Morfometrik ölçmələr 0,01 mm dəqiqliklə rəqəmsal pərgar vasitəsilə aparıldı. Əsas və əlavə köndələn çıxıntı dəliklərinin sagittal və frontal ölçüləri millimetrlə ölçüldü və əldə edilən dəlillər SPSS proqramı (26) vasitəsilə qiymətləndirildi. Orta arifmetik göstərici və onun kənaraçıxmaları müəyyən edildi. Mann–Whitney U testi üzrə müqayisə zamanı köndələn çıxıntı dəliklərinin ölçülərində statistik cəhətdən soltərəfli asimmetriya (p < 0,05) aşkar edilsə də, əlavə köndələn çıxıntı dəliyinin sağ və sol tərəflər üzrə morfometrik göstəricilərinin müqayisəsi zamanı statistik cəhətdən əhəmiyyətli fərq ya nəzərəçarpacaq asimmetriya aşkar edilmədi (p > 0,05).

Tədqiqatın nəticələri. Tədqiq edilən 72 ədəd insanın yeddinci boyun fəqərələrindən 12-də (8,6 %) əsas və əlavə köndələn çıxıntı dəlikləri eyni nümunədə müəyyən olundu. Yerdə qalan fəqərələrdən bəzilərində əsas köndələn çıxıntı dəliyi aşkarlansa da əlavə köndələn çıxıntı dəliyi müəyyən edilmədi. Həm əsas, həm də əlavə köndələn çıxıntı dəliyi aşkarlanan yeddinci boyunfəqərələrində anatomik quruluşuna əsasən əlavə dəliklər iki tipə ayrıldı: 
1) əsas köndələn çıxıntı dəliyinə yaxın yerləşən, ondan sümük arakəsmə ilə ayrılan əlavə köndələn çıxıntı dəliyi (şəkil a,c,f); 
2) əsas köndələn çıxıntı dəliyindən uzaq yerləşən əlavə köndələn çıxıntı dəliyi  (şəkil b,d). 

Əlavə köndələn çıxıntı dəlikləri aşkarlandıqları əksər yeddinci boyun fəqərələrində birtərəfli qeyd edildi, ikitərəfli əlavə köndələn çıxıntı dəliyinə bir halda tam formalaşmış (şəkil f), digər ikisində isə natamam formalaşmış halda və ya əsas köndələn çıxıntı dəliyi ilə əlaqəli rast gəlindi (şəkil e). Əlavə köndələn çıxıntı dəliyi on bir fəqərədə əsas köndələn dəliyin arxasına, bir hallarda isə onun önündə aşkarlandı (şəkil b). Tədqiqatın gedişində əldə edilən dəlillərə görə yeddinci boyun fəqərəsində əla-və köndələn dəliyin sahəsi əsas köndələn dəliyin sahəsindən sağda daha kiçikdir. Belə ki, tədqiq olunan və əlavə köndələn çıxıntı dəliyi aşkarlanan yeddinci boyun fəqərələrinin bu münasibətdə morfometrik müqayisəsi aşağıdakıları aşkarlamağa imkan verdi: əlavə köndələn çıxıntı dəliyinin sahəsi əsas köndələn çıxıntı dəliyinin sahəsindən sağda 7,2 dəfə, solda isə 6,5 dəfə kiçik aşkarlandı.  Müzakirə. Əlavə köndələn çıxıntı dəlikləri tədqiq olunan bütün yeddinci boyun fəqərələrində köndələn çıxıntı dəliklərindən kiçik ölçülərdə qeyd edildi. Bu fakt əlavə köndələn çıxıntı dəliklərinin əsas köndələn çıxıntı dəliyi kimi funksional üstün neyrovaskulyar kanal deyil, inkişaf mənşəli anatomik variasiya olduğunu fikrini dəstəkləyir [6,9]. Əvvəlki tədqiqatlara əsasən, əlavə köndələn çıxıntı dəliklərin əsas köndələn çıxıntı dəlikləri ilə müqayisədə nisbətən kiçik ölçülü olması, onların onurğa arteriyasının köndələn kanala daxil olduğu əsas keçid nöqtəsi olması ehtimalını azaldır [6,8]. Bununla yanaşı, bəzi tədqiqat işlərində kiçik ölçülü əlavə köndələn çıxıntı dəliklərinin emissar venaların keçidi ilə əlaqəli olduğu fikri də irəli sürülür. Onurğanın venoz kələfinin formalaşması və sümükləşmə prosesində dəyişiklikləri belə əlavə köndələn dəliklərin formalaşmasına səbəb ola bilər [9,10]. İnkişaf baxımından körpücükaltı arteriyanın intensiv olaraq ölçüsünün artması əsas arterial qan axınının yeddinci deyil, daha çox beşinci və altıncı boyun fəqərələrinə yönəlməsinə səbəb olur. Bu mexanizm yeddinci boyun fəqərəsi səviyyəsində köndələn dəliyin kiçilməsi və ya bəzi hallarda ümumiyyətlə olma￾ması ilə əlaqəli ola bilər. Nəhayət, bəzi fəqərələrdə natamam və ya qismən formalaşmış əlavə köndələn dəliklər də müşahidə edilmişdir. Belə strukturlar onurğa arteriyası qan dövranında müəyyən cüzi dəyişikliklərə səbəb ola bilsə də, onların hemodinamik təsirinin tam formalaşmış əlavə köndələn dəliklərlə müqayisədə daha məhdud olduğu fikrini irəli sürməyə imkan verir. Arteriyanın C4 və ya C7 səviyyəsində köndələn dəliyə daxil olması, onurğa arteriyasının II seqmentinin yüksək riskli anatomik variantları hesab edilir və əməliyyatdan əvvəl son dərəcə diqqətli qiymətləndirmə tələb edir. Ədəbiyyat məlumatlarının təhlili onurğa arteriyasının anatomiyasına riskyönümlü yanaşmanın vacibliyini vurğulayır. Bu kontekstdə, xüsusilə kompüter tomoqrafik angioqrafiya (KTA) daxil olmaqla strukturlaşdırılmış əməliyyatöncəsi damar görüntüləmə üsulları yüksək riskli anatomik variantların müəyyən edilməsində və boyun şöbəsində onurğa əməliyyatlarının təhlükəsiz şəkildə planlaşdırılmasında mühüm rol oynayır.

Yekun. Yeddinci boyun fəqərəsində əlavə köndələn dəliklərin əsas köndələn dəlikdən daha kiçik olduğu və əsasən birtərəfli, istisna halda ikitərəfli formada müşahidə edildiyi müəyyən edilmişdir. Bu anatomik variantlar haqqında məlumat boyun nahiyəsi cərrahiyyəsində, radioloji təyinatda və onurğa arteriyası ilə bağlı prosedurlarda mühüm əhəmiyyət daşıyır.

Figures

Keywords

References

1. Shadlinski V.B., Abdullayev A.S. Anatomical peculiarities of mandibular foramen // Journal Healthcare Treatment Development, 2021 1(1), p. 1-5. doi: https://doi.org/10.55529/jhtd11.1.5 
2. Kerimzade G.E. Distance between the stylomastoid and jugular foramens in people with different cranial indices // World of Medicine and Biology. 2023, 19 (86), p. 203-205. doi: https://doi.org/10.26724/2079-8334-2023-4-86-203-205 
3. Rzaeva AM. Краниоскопический анализ яремного отверстия у мужских и женских черепов в возрастном аспекте и индекса ширины // Азербайджанский медицинский журнал. 2025 №3, p. 161–166. doi: https://doi.org/10.34921/ amj.2025.3.27 
4. Markus H.S. Vertebral artery stenting to prevent recurrent stroke in symptomatic vertebral artery stenosis: the VIST randomized controlled trial / H.S.Markus, S.C.Larsson, J.Dennis [et al.] // Health Technol Assess. 2019; 23(41): p. 1–30. doi^ https://doi.org/10.3310/hta23410 
5. Khushboo R. Birju Bh. Double foramina transversaria in cervical vertebrae: an 35 anatomical study and its clinical significance / R.Khushboo, KS.Ashok, H.Md Anamul [et al.] // Eur J Cardiovasc Med. 2025;15(6) p. 179–183. doi: ihttps://doi.org/ 10.5083/ejcm/25-06-35 
6. Priyank B. Variations in transverse foramina of cervical vertebrae: morphology and clinical importance / B.Priyank, K.Rakesh, S.Dhairyashilrao [et al.] // Int J Acad Med Pharm. 2024;6(4): p.368–371.
7. Trushel N.A. Morphological and hemodynamic prerequisites for the development of cerebral circulatory disorders. Mil Med. 2016; 4:p. 38–42.
8. Tuncel Cini N., Nalla S., Mata-Escolano F. et al. Double transverse foramina: anatomical basis for vertebrobasilar insufficiency risk / N.Tuncel Cini, S/Nalla, F.Mata-Escolano [et al.] // Diagnostics. 2023;13(19): p. 3029. doi: https://doi.org/10.3390/diagnostics13193029
9. Murlimanju B.V. Accessory transverse foramina in the cervical spine: incidence, embryological basis, morphology and surgical importance. / B.V.Murlimanju, L.V.Prabhu, R.Rai [et al.] // Turk Neurosurg. 2011;21(3): p. 384–387. doi^ https://doi.org/10.5137/1019-5149. 
10.Sharma A. Double foramen transversarium in cervical vertebrae: an osteological study. / A.Sharma, K.Singh, V.Gupta // J Anat Soc India. 2010; 59(2): p. 229–231.

Article Info:

Publication history

Published: 01.Oct.2026

Copyright

© 2022-2025. Azerbaijan Medical University. E-Journal is published by "Uptodate in Medicine" health sciences publishing. All rights reserved.

Related Articles

PREVALENCE CHARACTERISTICS OF INTESTINAL PARASITIC INFECTIONS AMONG CHILDREN IN BAKU

Viewed: 26